Əməkdar artist Hicran Nəsirova: “Dəfələrlə evimin pilləkənlərində huşumu itirib, yıxılmışam - ÖZƏL

Hazırda oxunan: Əməkdar artist Hicran Nəsirova: “Dəfələrlə evimin pilləkənlərində huşumu itirib, yıxılmışam - ÖZƏL

70965

“Aktrisa verilişlərə çıxmaqdan çox, işi ilə özünü göstərməlidir. Boş zamanım olsa bəlkə də gedərəm. Amma mənim vaxtım yoxdur. Dəfələrlə verilişlərə dəvət edirlər, lakin teatrda işlərim olduğundan gedə bilmirəm”. 

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Azərbaycan Milli Dram Teatrının aktrisası, Əməkdar artist Hicran Nəsirova deyib.

Uzun illərdir süd vəzisi xərçəngi ilə mübarizə aparan sənətkar hələ də “canı ilə əlləşdiyini” bildirib:

“Səhhətimdə problem nə birdir, nə də iki. Canımla da əlləşirəm, eyni zamanda işlərimlə məşğulam. Müalicələrim davam edir. Bu xəstəlik adi qrip deyil ki, müalicə edib, tamam sağalasan. Davamlı həkim nəzarətindəyəm. Xəstəliyimlə əlaqədar Moskva şəhərində qeydiyyatdayam. Özümü pis hiss edəndə ora gedirəm”.

Əməkdar artist həmkarları kimi çəkildiyi seriallardan aldığı qonorarın azlığından da gileylənib:

“Heç kimə sirr deyil ki, aktyorlar çəkildikləri seriallardan çox az qonorar alırlar. Ona görə də məcbur olub  bir seriala deyil, bir neçə seriala çəkilirlər. Əgər bir serialdan yüksək heç demirəm, aktyoru qane edəcək səviyyədə maaş və ya qonorar alsa, ora-bura özlərini çırpmazlar. “Qız atası” serialından aldığım qonorarla bağlı şikayətim yoxdur.
 

Çünki çəkilişlər həftədə bir dəfədir, gedib çəkilirəm və başqa işlərimidə görüb çatdırıram. Məni yormur. Çalışdığım Milli Dram Tetrından aldığım maaş isə mənə çatmır. Ona görə məcburuq, əlavə qazanc mənbəyi olsun deyə, seriallara çəkilirik”.


Hicran xanım son günlər bir sıra sənət nümayəndələrinin verilişlərə qonorar müqabilində qatılmasına da münasibət bildirib: 

“Əslində ödəməlidirlər. Xaricdə əgər aktyor hansısa proqrama qatılırsa, mütləq qonorarını alır. Axı aktyor verilişdə oturur, vaxtı gedir. Demək ki, itirdiyin zamana görə də pul ödənilməlidir. Bizdə isə bu yoxdur”.

Ev şəraitinin pis olduğundan söz açan sənətkar, yaşadığı binanın lifti olmadığından dəfələrlə pilləkənlərdə huşunu itirib yıxıldığını da açıqlayıb: 

“Mən çox köhnə üç otaqlı evdə yaşayıram. Keçən əsrin 20-30-ci illərində tikilən binadır. Binanın lifti də yoxdur. Qalxıb-düşə bilmirəm. Çox əziyyət çəkirəm. Qızımın ailəsi ilə birgə qalıram. Yaradıcı insan gərək komfortlu şəraitdə yaşasın. İnanın ki, lift olmadığından, xəstə olduğum zaman ürək ağrısından dəfələrlə pilləkanlarda huşumu itirib, yıxılmışam. Mənim üçün çox çətindir. Evi yamıya-yamıya qalmışam. İmkanım belə yoxdur ki, təmir edim”.

Əməkdar artist evlə təmin olması ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etsə də, rədd cavabı aldığını söyləyib:

“Mədəniyyət Nazirliyinə ev şəraitimin pis olması ilə bağlı dəfələrlə müraciət etmişəm. Amma mənə çatanda heç nə yoxdur. Hicran neçə illərdir teatrda çalışır, Azərbaycan mədəniyyətinə yorulmadan, usanmadan canla-başla qulluq edir. Heç kimin xətrinə dəymək istəmirəm, heç kimin də paxıllığını çəkmirəm. Hərənin öz ruzusu var. Allah mənə öz ruzumu versin. Bu mövzu ilə bağlı çox danışmaq istəmirəm. Çünki məni başqa cürə başa düşərlər. İndi mənim o yaşım da deyil ki, əvvələr işlədiyim kimi çalışım. Xəstə canımla da olsa, yenə də işləyirəm, çalışıram. Ayıb deyil? Elə aktyorlar var ki, bu neçə ildə 2-3 rol oynayıb, fəxri ad da, evi də alıb. Belə çıxır ki, kiməsə nimçədə havayı verə bilirsiz amma işləyənə diqqət edə bilmirsiz və haqqına girirsiz”.

H.Nəsirova Mədəniyyət Nazirliyindən özünə qarşı yetərincə qiymət və qayğı görmədiyindən də şikayətlənib. 
 

“Prezidentimdən mükafat alıram, buna da şükür edirəm. Dövlət başçımızın fərmanı ilə 22 il əvvəl 2000-ci ildə “Əməkdar artist” adına layiq görülmüşəm. Amma məndən sonra alanların artıq “Xalq artisti” fəxri adları var. Halbuki, “Əməkdar artist” adı alandan sonra daha da çox işlədim.


Çünki bu qayğını görüb, stimul, motivasiya aldım. Həm də çox işlədim ki, düşünməsinlər ki, bu fəxri adı aldı, oturdu. Elə zamanlar oldu ki, bir ildə 5 premyerada rol alıb, oynadım. Bunların üstündən niyə xətt çəkilir? Bunları mən deməli deyiləm. Oynadığım bütün rollarda yaddaşlara həkk olunub. Tamaşaçılar hətta məni foyedə tutub saxlayırdılar”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin