Martın 12-si Azərbaycanın Xalq artist, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aparıcı aktyoru Məbud Məhərrəmovun doğum günüdür.
Bizim.Media xəbər verir ki, Məbud Məhərrəmovun 65 yaşı tamam olur. Xalq artisti 65 illik yubileyini səhnədə qeyd edəcək.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan mədəniyyətinə AĞIR İTKİ: Rüstəm İbrahimbəyov vəfat etdi
Bu barədə Bizim.Media-ya özəl açıqlama verən Məbud Məhərrəmov, bu gün səhnəyə Müsyö Jordan obrazı ilə çıxacaq:
"Təbrikiniz üçün sağ olun. Müəyyən yaşdan sonra insan üçün hər gün yubileydir. Bu gün yubileyimi səhnədə qeyd edəcəm. "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşasını nümayiş etdirəcəyik. Aktyor üçün səhnədə olmaq, yubileyini səhnədə qeyd etmək böyük sevincdir.
Amma bu gün mənim üçün üzüntülü gündür. Rüstəm İbrahimbəyovun vəfat etməsindən böyük kədər duyuram.
Rüstəm İbrahimbəyov mənim üçün böyük ustad, müəllim və yaxın dost idi. Yaradıcılığımda Rüstəm İbrahimbəyovun önəmli yeri var.
İlk dəfə Rus Dram Teatrına gələndə Rüstəm İbrahimbəyovun "İstintaq" tamaşası hazırlanırdı. Gənc aktyor kimi mənim də tamaşada rolum var idi. Amma hərbi xidmətə getdiyimə görə, o tamaşada çıxış edə bilmədim.
Yenidən teatra qayıtdıqdan sonra Rüstəm İbrahimbəyovun "Kaliforniyada dəfn" və "Ultimatum" tamaşalarında kiçik rollar ifa etmişəm. Təbii ki, o zamanlar cavan idim. Rüstəm müəllimlə əsas yaxınlığımiz, dostluğumuz "İbrus" Teatrında oldu. 2009-cu ildə "Tartuf Ağayevic" tamaşasında oynasım. Çox maraqlı obraz idi. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında ekranlaşdırılan "Park", "Ailə", "İşgüzar səfər", "Etimad telefonu" filmlərində müxtəlif obrazlar ifa etmişəm. Bir sözlə, bu gün yubileyim olsa da Rüstəm İbrahimbəyovu yad etməsəm, onun haqqında danışmasam olmazdı”.
“Biz aktyoruq. Nə qədər ağır, kədərli gününüz də olsa səhnəyə çıxıb, tamaşaçılarımıza sevinc bəxş etməliyik" deyə Məbud Məhərrəmov əlavə edib.
Boz də öz növbəmizdə Bizim.Media adından gözəl aktyorumuzu yubileyi münasibətilə təbrik edirik, ona yeni sənət uğurları arzulayırıq.
Ülviyyə Həsənqizi, Bizim.Media