“Erməni əsgərini öldürəndə az qala ürəyim dayanmışdı” – Aktrisadan ŞOK TƏFƏRRÜAT 

Hazırda oxunan: “Erməni əsgərini öldürəndə az qala ürəyim dayanmışdı” – Aktrisadan ŞOK TƏFƏRRÜAT 

43931

İkinci Qarabağ müharibəsi, Vətən savaşındakı şanlı qələbəmizin ildönümü münasibətilə “Köhnə çamadanlar” adlı yeni ekran əsəri lentə alınıb.

Ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyevanın əməyi ilə ərsəyə gələn ekran işində rollardan birinin ifaçısı olan aktrisa Rada Nəsibova film haqqında təəssüratlarını Bizim.Media ilə bölüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

2-ci Qarabağ müharibəsindən bəhs edən film çəkilir - FOTO


Aktrisa düşünür ki, bu gün Azərbaycanda hər aktyor, hər bir aktrisa belə bir filmdə rol almağı arzulayır.

“Bu bizim bir borc, səsimizin necəsə tamaşaçılara, dünyaya çatdırmaq hissimizdir. Mən hər zaman belə bir filmdə çəkilməyi xəyal edirdim, təsadüfən təklif gəldi və mən düşünmədən buna razılıq verdim. Bu hissləri sözlə ifadə edə bilmirəm. Bizdə indiyə qədər qadınlarla bağlı müharibə mövzusunda film çəkilməyib.

Çox fərəh, qürur hissi ilə filmə çəkilməyə razılıq verdim. Sevindim ki, mən də 44 günlük müharibəyə nəsə özümdən bir parça verə biləcəm”.


Aktrisa çəkilişlər zamanı hadisələri realda yaşadığını, hər bir səhnəni o hisslərlə canlandırdığını da bildirib. O, filmin bir səhnəsində çəkildiyi zaman keçirdiyi həyacan dolu dəqiqələrdən də danışıb.

“Filmdə bir səhnə var idi, o an onu necə yaşadımsa, özümü həqiqətəndə müharibənin içində hiss etdim. Filmdə canlandırdığım qadın əlində avtomatla çay qırağında əl-üzünü yuyan vaxt arxadan ona erməni əsgəri yaxınlaşır və ona silah tutur. Qadın arxaya çevrilib erməni əsgərini görəndə bir anlıq özünü itirir, lakin bütün gücünü toplayıb erməni əsgərini öldürür. Bu an qadın gözlərini yumur və güllənin kimə dəydiyini anlamağa çalışır. Gözlərini açıb qarşısında yıxılan erməni əsgərini görəndə bir anlıq sarsıntı keçirir. Çünki həyatında birinci dəfə idi ki, insan öldürürdü. Lakin tez özünü toplayır və başa düşür ki, o bu mübarizəyə hazırdır. O an obrazda erməni əsgərini öldürəndə müharibənin bütün dəhşətini realda hiss etdim. Rəngim ağarmışdı, həyacandan nəfəs ala bilmirdim, o an elə bildim ürəyim dayanacaq.
 

Qəribə bir ağlamaq gəldi mənə. Bir müddət özümdə olmadım, hətta filmdə tərəf müqabilim yaxınlaşıb mənim necə olduğumu soruşdu. Bu bir başqa hiss idi”.


Rada Nəsibova filmin Bakı və Lənkəran şəhərlərində çəkildiyini və bu cür ekran əsərlərinin çəkimlərinin gələcəkdə də davam edəcəyinə ümid etdiyini də deyib.

“Filmin çəkilişləri Bakıda və Lənkəranda baş tutub. Bizim səhnələr Lənkəranda çəkilirdi, səhnələrin real alınması üçün xüsusi olaraq cəbhə bölgəsinə uyğun olan yerlər seçilirdi. Film tezliklə ekranlara çıxacaq. Biz inanırıq ki, belə filmlərimiz gələcəkdə də lentə alınacaq. Çünki kino dünyaya bizim ağrı-acımızı çatdırmaq üçün daha böyük vasitədir”. 

Qeyd edək ki, “Köhnə çamadanlar” film Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "OYUN" inklüziv teatrının birgə layihəsidir.

Psixoloji dramda əsas rolları Respublikanın xalq artistləri Məmmədsəfa Qasımov, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Qızılgül Quliyeva, Şəfəq Əliyeva, Zemfira Əbdüsəmədova, Nəsibə Eldarova, aktyorlar Könül Qasımova, Rəsmiyyə Nurməmmədova, Zülfiyyə Qurbanova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Rada Nəsibova, Türkay Cəfərli, Rəhim Rəhimov, Elmira Hüseynova, Səriyyə Mansurova, Aygün Fətullayeva, Oksana Rəsulova, Zarina Qurbanova, Cavanşir Məhərrəmov, Namiq Ağayev, Vüqar Hacıyev və başqaları ifa edirlər.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin