Üzeyir Hacıbəylinin ev əşyaları Şuşaya nə vaxt qaytarılacaq? – ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Üzeyir Hacıbəylinin ev əşyaları Şuşaya nə vaxt qaytarılacaq? – ÖZƏL AÇIQLAMA

42666

Artıq Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada bir çox bərpa-tikinti işləri başlayıb. 30 ilə yaxın işğalda qalan şəhər demək olar ki, yenidən qurulur.

Azərbaycanın canlı konservatoriyasının ən dahi nümayəndəsi Üzeyir Hacıbəylinin də ev muzeyində təmizlik işləri görülüb. Tezliklə, bina yenidən inşa olunacaq. 

Bu haqda Bizim.Media-ya danışan Üzeyir Hacıbəyovun Şuşadakı ev-muzeyinin direktoru Nəsibə Eyvazova məlumat verib. O, bildirib ki, artıq muzeyin həyətində bəzi təmimzlik işləri aparılıb.

“Şükürlər olsun ki, biz qələbə qazandıq və mənim oğlum da Vətən müharibəsi qazisidir. Biz artıq Şuşaya geri dönürük. Üzeyir bəyin də ev muzeyi tezliklə bərpa olunacaq. Artıq onun həyətində təmizlik işləri aparılıb. Erməni vandalları muzeyi darmadağın edib, xarabalığa çeviriblər. Onun ancaq arxa divarları qalıb. Hazırda Heydər Əliyev fondu tərəfindən muzeyin yeni layihəsi hazırlanır”.

Nəsibə xanım muzeyin yaradılmasından, onun illər ərzində göstərdiyi fəaliyyətindən də danışıb. O, işğal zamanı muzeyin Bakıya köçürülməsi haqqında da maraqlı faktlara toxunub. 

“Muzey 1959-cu ildə inşa edilib və erməni vandallarının Şuşanı işğal etdiyi günə qədər fəaliyyətini davam etdirib. Şuşa işğal olunanda biz heç bir dəstək olmadan öz hesabımıza muzeydəki ekspanatları, Üzeyir bəyin heç bir şəxsi əşyasını orada qoymayaraq özümüzlə Bakıya gətirdik. Bir gün belə o muzey öz fəaliyyətini dayandırmadı.

Muzeydən xilas edilmiş eksponatlar – vallar, notlar və kitablar Ü.Hacıbəyovun ilk skripkası, ailələrinə məxsus fotoalbom, anası Şirinbəyim xanımın gəlinlik paltarı və hətta, muzeyin həyətindən götürülmüş torpaq müvəqqəti olaraq Üzeyir bəyin Bakıdakı ev muzeyində saxlanılır”.

Sonda N. Eyvazova tezliklə Şuşaya qayıdacağı və muzeyin fəaliyyətinin bərpası gününü gözlədiyini də vurğulayıb.

“Biz artıq öz doğma torpaqlarımıza qayıtmışıq. Tezliklə, muzey bərpa olunacaq və Üzeyir bəyə məxsus olan bütün əşyalar öz doğma diyarına - Şuşaya qaytarılacaq”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin