"23:59 qatarı" hara gedir? - Ahıllar tamaşa verdi - FOTO 

Hazırda oxunan: "23:59 qatarı" hara gedir? - Ahıllar tamaşa verdi - FOTO 

39629

"23:59 qatarı" yola düşdü.

Bizim.Media xəbər verir ki, bu gün 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Maştağa Mədəniyyət Mərkəzində təqdimatı keçirilən "23:59 qatarı" tamaşası gündüz saat 11.00-da baş tutdu.  

"23:59 qatarı" bəs niyə bu qədər gecikib? Səbəbi çoxdur, hamısı da obyektivdir.

Birincisi, tamaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin və əməkdaşlarının iştirakı ilə hazırlanıb.  

İkincisi, əsərin müəllifi tanınmış Türkiyəli yazıçı Toyğun Orbaydır.

Bunlardan başqa, nümayişdən əvvəl Ahıllar Gününün tarixindən danışılıb. 44 günlük Vətən Müharibəsi zamanı həlak olan şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. 

Məhz bundan sonra düz saat 11-də tamaşa başlayıb. “23:59 qatarı”  - Bu qatar gec gələcək, gözləmə müddətinin mesajları isə çoxdur. 

Rolları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin iki sakini - Həbib Qəmbərov, Hüseynağa Nuriyev və iki əməkdaşı Ləman Əliyeva, Vəli Vəliyev ifa ediblər. Tamaşanın quruluşçu rejissoru isə Lalə Hadıyevadır.

Tamaşa qatar gözləyən iki nəfərin və vağzal gözətçisinin arasındakı dialoqdan ibarətdir. Əsas mesaj isə yaşanılan hər dəqiqənin önəmli, zamanın dəyərli olduğunu bildirməkdir. Təbii ki, bu mövzuda hər dörd personajın öz fəlsəfəsi var.  

Tamaşadan sonra Bizim.Media-ya danışan quruluşçu rejissor Lalə Hadıyeva qeyri professsional şəxslərlə işləməyin zövqündən söhbət açdı.

Rejissor qeyd etdi ki, bu işdə onun da zəhməti olduğuna görə çox xoşbəxtdir, çünki ahıl insanların qayğısına qalmaq hər kəsin həm də insanlıq borcudur. “Cəmi 20 gün ərzində tamaşanı ərsəyə gətirdik və uğurlu nəticə əldə etdik”, - deyə Lalə Hadıyeva fikrini tamamladı.

“Ahıllar Evi”-nin sakini Həbib Qəmbərov isə teatr səhnəsində ilk təcrübəsinin olduğunu desə də, çətinlik çəkmədiyini bildirib. “Bu işi xüsusi zövqlə gördüm, bu yaşda bir çox cavanlıq arzularıma çatdım deyə bilərəm”.

Daha sonra isə aktyorları təbrik edən ƏƏSMN Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin Sədri Vüqar Behbudov dövlətimizin ahıl insanlara göstərdiyi qayğıdan danışıb. Bildirib ki, hazırda ahıl yaşda olan 5 mindən çox şəxsə xidmət edilir. 

Əməkdar artist Sənubər İsgəndərli isə tamaşadan böyük zövq aldığını, ahılların professional aktyorlar kimi çıxış etdiyini bildirib.

Sabunçu rayon icra hakimiyyətinin başçısının müavini Rəna Fərəcova, Mədəniyyət Nazirliyinin sektor müdiri Yaşar Hüseynli də ahıllar üçün təşkil olunan bu cür tədbirləri, onların mədəniyyətimizə verdikləri töhfələri yüksək qiymətləndiriblər.

Necə deyərlər, "23:59 qatarı" gec də olsa, mənzil başına çatıb. Tamaşa alınıb.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin