Məmməd Arazın 80 illiyinə həsr olunmuş yubiley keçiriləcək

Hazırda oxunan: Məmməd Arazın 80 illiyinə həsr olunmuş yubiley keçiriləcək

37837
Xalq Şairi Məmməd Arazın 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dekabr ayının 9-u saat 19:00-da Nazirliyin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan poeziyasının tanınmış nümayəndəsi yad ediləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərancamına əsasən keçirilən, bir çox elm və mədəniyyət xadimlərinin, ədəbiyyatsevərlərin iştirak edəcəyi tədbirdə şairin həyat və yaradıcılığından söhbət açılacaq, incəsənət ustaları tərəfindən şeirləri səsləndiriləcək, sözlərinə yazılmış mahnılar ifa olunacaq.

Qeyd edək ki, Məmməd Araz 14 oktyabr 1933-cü ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nursu kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunu və Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarını bitirib.

Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil, "Ulduz" jurnalında məsul katib, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini işləmişdir. 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olan şair uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. 

Xidmətlərinə görə Azərbaycan Respublikasının “İstiqlal” ordeni (1995), Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmiş, Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatı olmuşdur (1992). Adına "Məmməd Araz" ədəbi mükafatı təsis olunmuşdur (1993-cü ildən).
1 dekabr 2004-ci ildə Bakıda vəfat edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin