Stalini müşayiət edən ilk hərbi təyyarəçi qadın – Azərbaycanlı Züleyxa Seyidəhmədova - FOTO

Hazırda oxunan: Stalini müşayiət edən ilk hərbi təyyarəçi qadın – Azərbaycanlı Züleyxa Seyidəhmədova - FOTO

37609

Azərbaycanın ilk hərbi qadın təyyarəçisi, ilk qadın Sosial Müdafiə Naziri Züleyxa Seyidəhmədova 1919-cu ildə Bakıda adi ailədə anadan olub. Atası mühasib, anası isə təhsilsiz qadın olan Züleyxa ilk dəfə anasına paraşütdən tullanmaq istədiyini deyəndə “Səmalarda uçmaq məgər qadıb işidir?” cavabını alıb. 

Atası Mirhəbib Ağa Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin şəxsi müsahibi olub.

Züleyxada uçmaq istəyi 7-ci sinifdə oxuyanda fizika müəllimləri Cümşüd Əfəndiyevin onları Bakı təyyarə meydanına aparmasından sonra baş qaldırıb. 

Orta məktəbi bitirdikdən sonra o, Əzizbəyov adına Neft-Kimya İnstitutunun mədən fakültəsinə qəbul olur.
 

Züleyxa institutda tələbə aeroklubunun üzvü seçilir. 1935-ci ildə Azərbaycan qızları arasında paraşütdən tullanma üzrə birinci yeri qazanır. O paraşütdən 50 dəfə tullandığına görə təlimçi adını alır. Məlumatlara görə, onun tullanışını izləyənlər arasında o vaxtkı birinci katib Mircəfər Bağırov da olur. 


Züleyxa Moskvada Jukovski adına hərbi – hava akademiyasında təhsil almaq üçün məktubla müraciət edir, lakin ona bura qadınların daxil olmasının qadağan olduğu bildirilir. Hər yerdən əli üzülən Züleyxa Mir Cəfər Bağırova məktub yazmaq qərarına gəlir.

Mərkəzi Komitə onun xüsusi istedadını nəzərə alaraq ona bu imkanı yaradır. Beləliklə, Züleyxa akademiyaya daxil olan ilk şturman qadın kimi tarixə düşür.

Bir gün onun atası xalq düşməni kimi həbs olunur, Mərkəzi Komitə onu akademiyadan qovmaq qərarına gəlir. Lakin son anda hadisələr onun xeyrinə həll olunur. Onun atası gizlincə həbsdən azad olunur və Züleyxa akademiyada qalaraq təhsilinə davam edir.

Bakıya qayıtdıqdan sonra o, 3 il ərzində 75 təyyarəçi, 80 paraşütçü hazırlayır.
 

II Dünya müharibəsində Züleyxa 500-dən çox döyüş uçuş həyata keçirir. Kurs döyüşündə iştirak edir. Stalinqrada gedən Stalini öz təyyarəsi ilə müşayiət edir. Onun qəhrəmanlığı barədə bütün dünya xəbər tutur. 


Müharibədən sonra o, Sosial Müdafiə Naziri təyin olunan ilk qadın kimi tarixə düşür. O, bu vəzifədə 25 il çalışır. 

Gec ailə qurduğuna görə, Züleyxa Seyidəhmədova heç vaxt ana ola bilmir. Tofiq Quliyevin onun şərəfinə bəstələdiyi “Züleyxa xanım” mahnısının  Rəşid Behbudov ifa edib.

1999-cu ildə Bakıda vəfat edən Azərbaycanın qadın qəhrəmanı öz vəsiyyətinə görə Şüvəlan məzarlığında dəfn edilir.

Vüsalə Balayeva, Bizim.Media

QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 6 - cı Maliyyə yardımının göstərilməsi müddəasının  6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə - bəndinə uyğun olaraq hazırlanıb.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin