Son günlər rus dələduzları tərəfindən yüzlərlə azərbaycanlının “Ayfon fırıldağı” üsulu ilə aldadılması prosesi baş verib. Bu barədə Moderator.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, bəzi vətəndaşların məlumatsızlığından istifadə edən dələduzlar Çin istehsalı olan “Ayfon” markalı telefonları onlara əsl amerikan malı kimi satır: “Artıq bir neçə aydır ki, Bakı və Sumqayıt şəhərlərində “Ayfon fırıldağı” ilə məşğul olan dələduzlar fəaliyyət göstərməkdədir. Əsasən bazar və iri ticarət mərkəzlərində vətəndaşlara yaxınlaşan rus dələduzlar onlara ciblərindən çıxardıqları “Ayfon” markalı telefonu göstərərək Rusiayya getməli olduqlarını, fəqət pulları qurtardığı üçün telefonu satmaq məcburiyyəti qarşısında qaldıqlarını söyləyir. Fərdi qaydada fəaliyyət göstərən hər bir fırıldaqçı iddia edir ki, onun əlindəki telefonun minimum dəyəri 500-600 manatdır və o, məcburiyyət qarşısında qaldığı üçün bu telefonu 100 manata təklif edir. Vətəndaşı inandırmaq üçün mindiyi avtomobilin Rusiya nömrəsini və avtomobilin içərisindəki azyaşlını öz övladı kimi təqdim edən fırıldaqçı, Çin istehsalı olan və Azərbaycana qeydiyyatsız olaraq gətirilən 20-30 manatlıq saxta “Ayfon”u 100-150 manata sataraq izdihama qarışır. “Ayfon fırıldağı”nın qurbanı olan şəxs isə məlum telefondan istifdə edə bilmədiyi üçün gec-tez telefon mağazalarından birinə yaxınlaşır və yalnız o zaman vətəndaşa bəlli olur ki, onu aldadıblar”.
Mənbənin sözlərinə görə, məlum tendensiyanın
genişlənməsi insanların hüquq-mühafizə orqanları ilə bağlı narazılığının da
artmnasına səbəb olur: “Uzun müddətdir ki, eyni dəsti-xətt əsasında fəaliyyət
göstərən dələduzların hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən
cəzalandırılmaması da vətəndaşların narazılığına səbəb olan amillərdən biridir.
Vətəndaşlaırn fikrincə, yüzlərlə insanın eyni şəxslər tərəfindən eyni
metodlarla aldadılması və ələ keçməməsi hüquq-mühfizə orqanlarının
səriştəsizliyindən xəbər verir”.
Seymur Əliyev































































































