Azıxdan tapılan arxeoloji materiallar Bakıya gətirlib

Hazırda oxunan: Azıxdan tapılan arxeoloji materiallar Bakıya gətirlib

3381

Azıx mağarasından tapılan arxeoloji materiallar Bakıya gətirilib.

Bizim.Media-nın məlumatına görə bu barədə  AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli açıqlama verib.

O bildirb ki, bir neçə gün əvvəl Azərbaycan hərbçiləri Azıx kəndindəki evlərdən birinə baxış zamanı üzərində “Azıx” yazılmış və içərisində arxeoloji materialların olduğu qutular aşkar etmələri barədə Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat veriblər.

Bununla əlaqədar olaraq müəssisə tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və AMEA-nın rəhbərliyi məlumatlandırılıb.

Məlumat mühüm əhəmiyyət kəsb etdiyi üçün təcili olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi ilə birgə institutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov həmin rayona ezam olunub.

Yerində baxış zamanı müəyyən edilib ki, bu qutularda işğal müddətində dünya əhəmiyyətli abidə, paleolit dövrünə aid ibtidai insan düşərgəsi olan Azıx mağarasında Ermənistan və digər ölkələrin alimlərinin apardıqları qanunsuz arxeoloji qazıntılar nəticəsində aşkar edilən tapıntılar qablaşdırılıb.

Bunların əksəriyyəti qədim fauna qalıqlarıdır. 90-a yaxın plastik qutulardakı bu tapıntılar dünən axşam Bakıya gətirilərək institutun Arxeoloji Fondunda yerləşdirilib.

Maraqlıdır ki, qutuların birində işğalçıların qanunsuz ekspedisiyasının bəzi çöl-tədqiqat sənədləri aşkar olunub.

Görünür, işğalçılar bu tapıntıları özləri ilə birgə Azərbaycan Respublikasından çıxarmağa imkan tapmayıblar. Amma qanunsuz qazıntıların bütün tapıntılarının hamısının burada olub-olmadığı da məlum deyil.

Professorun bildirdiyinə görə, bütün bu tapıntılar Arxeologiya və Etnoqrafiya İnstitutunda araşdırılacaq, təhlil ediləcək, bu barədə Azərbaycan Respublikası Prokurorluğuna və geniş ictimaiyyətə ətraflı məlumat veriləcək. Alimlərimiz bu işdə əməyi olan hərbçilərimizə və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə dərin təşəkkürlərini bildirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin