Azərbaycanda hər il sentyabr ayında teatr mövsümü başlayır. 150-dən çox yaşı olan Azərbaycan teatrının seyrçiləri hər il yeni tamaşalar ümidi ilə teatrlara üz tuturlar.
Maraqlıdır ki, bu mövsüm tamaşaları hansı yeniliklər gözləyir?
Bizim.Media paytaxt teatrları ilə əlaqə saxlayıb yeni mövsümdə nümayiş olunacaq tamaşaları öyrənib.
Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı saytımıza bildirib ki, teatr mövsümün açılışını sentyabrın 13-də edəcək:
“Sentybrın 13-də Akademik Milli Dram Teatrın qarşısında 153-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçiriləcək. Bizim teatr ənənəvi olaraq mövsümün açılış və bağlanış mərasimlərini “Qarabağnamə” tamaşası ilə edir. Bu mövsümdə də teatr ənənəyə sadiq qalacaq. Sentyabrın 14-də saat 19:00-da “Qarabağnamə” tamaşası ilə mövsüm açıq elan olunacaq. Bu ay ərzində, yəni sentyabrın 18-də “Şükriyyə”, 19-da “Sənsiz”, 20-də “İblis”, 21-də “Ölülər” nümayiş olunacaq. 26-27 sentyabr tarixində isə “Baş” tamaşasının premyerası olacaq. Baş”tamaşası Elçin Əfəndiyevin eyniadlı romanı əsasında hazırlanıb, quruluşçu rejissoru Mehriban Ələkbərzadədir”.
Onun sözlərinə görə, teatr beynəlxalq əməkdaşlıq istiqamətində yeni addımlar atacaq:
“Bizim həm Aleksandrinski teatrı, həm Belarusun Yanka Kupala adına teatrı ilə memorandumumuz var. Eyni zamanda, Gürcüstanın Rustaveli teatrı ilə memorandum imzalamışıq. Bundan irəli gələrək həm master klasslar, həm qarşılıqlı qastrol səfərləri təşkil olunacaq. Yeni ölkələr, xüsusilə, türkdilli ölkə teatrları ilə memorandumların imzalanması davam edəcək”.
Teatrın sözçüsü ilin sonunadək premyerası baş tutacaq yeni tamaşanın da anonsunu verib:
“Bu il Maqsud İbrahimbəyovun 90 illik yubileyidir. Cənab prezident tərəfindən 90 illiyin qeyd olunması ilə bağlı Sərəncam var. Bu sərəncamdan irəli gələn məsələnin həlli olaraq bizim teatrda Maqsud İbrahimbəyovun tamaşası hazırlanacaq, bu ilin sonuna qədər həmin tamaşanın premyerasını keçirə biləcəyik”.
Akademik Dövlət Musiqili Teatrı ənənəyə sadiq qalır
Akademik Dövlət Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri Fəridə Aslanovanın Bizim.Media-ya verdiyi məlumata görə, teatr ənənəyə sadiq qalaraq mövsümü Milli Musiqi Günündə açır:
“Bizdə hər mövsüm ənənəvi olaraq sentyabrın 18-i Milli Musiqi Günündə başlanır. Bu da Üzeyir Hacıbəyovun doğum günü ilə əlaqədardır. Sentyabr ayında Üzeyir Hacıbəyovun bizdə 4 əsəri səhnəyə qoyulacaq. Bunlar “O olmasın, bu olsun”, “Leyli və Məcnun”, “Arşın mal alan” və “Ər və arvad” tamaşalarıdır. Bundan başqa sentyabrda daha üç tamaşa nümayiş olunacaq. Uzun illər repertuarda olan tamaşalar da hər ay mütəmadi göstəriləcək. Yeni tamaşalar da var, onlara hazırlıq prosesi gedir”.
Gənc Tamaşaçılar Teatrı mövsümü “Solğun çiçəklər”lə açacaq
Milli Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətin rəhbəri Samirə Əşrəf də mövsümlə əlaqədar danışıb:
“Bu il teatrımızın 98-ci mövsümüdür. Yeni mövsüm ayın 19-u Cəfər Cabbarlının əsəri əsasında hazırlanan “Solğun çiçəklər” tamaşı ilə başlayacaq. Bu ilin ilk rübündə Xalq artsiti Cənnət Səlimovanın quruluşunda “Hacı Qara” tamaşası hazırlanacaq. Uşaqlar üçün “Küllücə” tamaşasının hazırlanması nəzərdə tutulub”.
Şuşa Dövlət Musiqili Teatrında “Dorian Greyin Portreti”
1993-cü ildən paytaxtda fəaliyyət göstərən Şuşa Dövlət Musiqili Teatrın icraçı direktoru Yaşar Muradov saytımıza bildirib ki, bu il teatrda həm köhnə, həm də yeni tamaşalar nümayiş olunacaq:
“Sentyabrın 5-də yeni mövsümün ilk tamaşası oynanılacaq. İlk tamaşa Oskar Uayldın əsəri əsasında hazırlanmış “Dorian Greyin Portreti”dir. Yeni tamaşalar da olacaq”.
Kukla və YUĞ teatrında hansı tamaşalar olacaq?
Azərbaycan Dövlət Kukla Teatrından isə qeyd edlib ki, bu ilin sonunadək “Aybolit” və “Qaraca qız” adlı tamaşalar hazırlanacaq. Balacaların sevimli teatrı bu mömsümü yaddaqalan olması üçün həvəslə işə başlayıblar.
“YUĞ” Dövlət Teatrı isə bu ay iki “Asılqan” və “21:15 qatarı” tamaşası ilə tamaşaçıların görüşünə gələcək.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Mədəniyyət
13:00 / 05.09.2025
Səhnəyə DÖNÜŞ - Teatrlar yeni mövsümə hansı yeniliklərlə başlayır? – SORĞU
Hazırda oxunan: Səhnəyə DÖNÜŞ - Teatrlar yeni mövsümə hansı yeniliklərlə başlayır? – SORĞU
Hazırda oxunan: Səhnəyə DÖNÜŞ - Teatrlar yeni mövsümə hansı yeniliklərlə başlayır? – SORĞU
268824
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.