“Aktyorluq başqa birinin təbiətinin ziddiyyətini, ruhunu, düşüncəsini anlamaq və yaşamaq sənətidir" deyirlər.
Bir də deyirlər ki, dünyanın hər yerində aktyorlar, idmançılar üzdə olan, tanınan, sevilən, amma eyni zamanda yetənəyindən zövq alınan və sonra da tərk edilən kəsimdir.
MÖVZU İLƏ BAĞLI:
Ənvər Həsənov dəfn edildi – FOTO
Sərt səslənsə də, reallıqdır. Çünki bu məslək sahibləri ömrü boyu öz həyatını yaşamır.
Sənəti üçün bir gün qul, bir gün hökmdar, bir gün sevilən, əlçatmaz, növbəti gün unudulan birini oynayan aktyorların öz taleyi də belə təzadlı, fərqli olur. Təbdən-təbə, obrazdan-obraza dəyişmək, bəzən xislətinə, təbiətinə yad birini canlandırıb izləyicini inandırmaq, səmimi olmaq o qədər mürəkkəbdir ki...
Bunun üçün o məsləyə ürəyini, ruhunu, varlığını bağışlamalısan. Ona fəda olmalısan.
Sənət də məhz bu təmənnasız sevgidən doğur!
Di gəl, çox vaxt bu fədakarlığın, özgə həyatları yaşamanın bədəli ağır olur. Sənət onu qarşılıqsız sevənləri sınağa çəkir. Ürəyi, beyni, sağlığı ilə.
Amma sənət ağrılarını sevgi ilə bağrına basanları canındakı azar yox, diqqətsizlik, alqış gözləntisi, sənətinə biganəlik öldürür.
Xalq artisti Ənvər Həsənov kimi...
Bu gün o - kinomuzun məsum üzlü Muradı Buzovnadakı evindən yaxınlarının, dostlarının, əzizlərinin çiynində son mənzilə yola salındı. Səssiz, sakit, alqışsız... Bir nekroloqluq başsağlığı ilə...
Zamanında Cəlalı oynayanda dediyi oldu: ürəyimi nişan al, ağrıdır axı...
Rəna Cumaqızı, Bizim.Media