Çəkilişinə 1 milyon ayrıldı, 12 ildir xəbər yoxdur... – “Dədə Qorqud” serialının müəmmalı AQİBƏTİ

Hazırda oxunan: Çəkilişinə 1 milyon ayrıldı, 12 ildir xəbər yoxdur... – “Dədə Qorqud” serialının müəmmalı AQİBƏTİ

235319

Xalq yazıçısı Anarın ssenarisi əsasında rejissor Tofiq Tağızadənin quruluş verdiyi “Dədə Qorqud” filminin çəkilməsindən 50 il ötür. Yarım əsrlik yaşı olan film Azərbaycanda çəkilən ilk ikiseriyalı bədii filmdir. Bu film türk xalqlarının dastanının cəmi iki boyunu əhatə edir.

“Dədə Qorqud” serialı haqqında qərar 12 il öncə verildi

İllər keçdikcə xalqın taleyini, tarixi prosesləri, adət və ənənələri əhatə edən “Kitabi-Dədə Qorqud” dastanı haqqında daha geniş, çoxhissəli tarixi bədii serialın çəkilməsi qərara alınıb.

2013-cü il dekabrın 28-də Dövlət başçısı "Dədə Qorqud" dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında Sərəncam imzalayıb. Ədəbi ssenarinin hazırlanması və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan ilkin olaraq Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat da ayrılıb.

“Dədə Qorqud” serialı 12 hissədən ibarət olacaq?

Yazıçı Anar müsahibələrində “Dədə Qorqud” parkının açılışındakı çıxışı zamanı belə bir təklif verdiyini deyib. O, 12 boydan ibarət olan dastanın hər boyuna bir seriya çəkilməsini təklif edib. Yazıçı illər əvvəl serialın ssenarisini yazıb təqdim etdiyini də bildirib. Lakin sərəncamın imzalanmasından 12 il keçsə də, ortalıqda heç bir serial yoxdur.

Bəs 2013-cü ildə çəkilməsi haqqında Sərəncam verilən “Dədə-Qorqud” serialının ərsəyə gəlməsinə nə mane olur? Ssenariyə nə qədər vəsait xərclənib? Hazırda serialın çəkilməsi ilə bağlı durum nə yerdədir?

Yaranan suallara cavab tapmaq məqsədilə Mədəniyyət Nazirliyinə müraciət etdik. Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq, məsələ ilə bağlı araşdırma aparılacağı bildirilib.

Xatırlatmaq yerinə düşər ki, Sərəncamda serialın çəkilməsi üçün pul ayrılan qurum olan Mədəniyyət və Turizm Nazirliyi 20 aprel 2018-ci ildə Prezidentin Sərəncamı ilə ləğv edilib və onun əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin