“Şuşada Prezidentimizin əhvalı çox yaxşı idi, hər kəslə görüşüb söhbətləşirdi. Mən də yaxınlaşdım, görüşdüm, dedim ki, Cənab Prezident, mənfur düşmən Şuşada mədəniyyət evini də dağıdıb, Şuşa teatrı binasız qalıb. Şuşada Dövlət Teatrı tikiməyin vaxtıdır”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Əməkdar artist Teymur Mməmmədov “Xarıbülbül” festivalı haqqında təəsüratlarını bölüşərkən deyib. Aktyor bildirib ki, festivalın ilk günü fikirli idim. Düşünürdüm ki, elə bil Şuşasız illərdə pis bir yuxu görüb indi ayılmışıq:
“Cıdır düzü həmin Cıdır düzüdü, qaya həmin qayadı, bitki həmin bitkidi... Amma biz 30 il ayrı qalmışıq. Festivalın ikinci günü hər kəsin üzündə böyük sevinc vardı.
Konsertdə Üzeyir bəyin“Koroğlu” uvertürası, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, “Qarabağ Şikəstəsi” səslənmişdi. Bu əsərləri Şuşada dinlədiyimiz üçün hər kəsin əhval-ruhiyyəsi yüksək idi”.
Teymur Məmmədov Ağdam və Şuşa xatirələrindən də danışıb:
“Allah Şuşaya elə bir təbiət verib ki, o vaxtlar da insanlar uşağını, qocasını, xəstəsini yayın istisindən qorumaq üçün təbii şəraiti olan Şuşaya üz tuturdular. Ötən əsrin imkanlıları mütləq Şuşada ev sahibi olurdular.
Qarabağın təsərüfatda çalışan insanlarına, valideynlər öz uşaqlarına, idarələr öz tabeliyində olan işçilərə deyirdilər ki, yaxşı işləyin, sizi Şuşaya aparacıyıq. Yəni bütün zəhmət çəkən, yorulan insanlar bir gün Şuşaya gəlib, bulaqlarından su içərək enerjilərini bərpa edirdilər.
Biz Ağdamdan Şuşaya tez-tez gedirdik. Bütün yay tətili dövründə məktəblilər Şuşaya düşərgələrə yerləşdirilirdilər. Şən, yadda qalan günlər keçirirdik.
Əslində bu işğal dövründə də elə Şuşa sevgisinin bu qədər artıq olma səbəbi də bu idi ki, uzun illər Şuşanı çox adamlar görmüşdü, çoxlarının xatirəsi vardı.Hər zaman şuşalılar ağdamlı idilər, ağdamlılar şuşalı. Məndən soruşanda deyirəm mənim iki rayonum var: Ağdam və Şuşa”.
Bizim.Media