Rahil Tahirlinin “Aynadakı adam” şeirlər kitabı haqqında TƏƏSSÜRATLAR

Hazırda oxunan: Rahil Tahirlinin “Aynadakı adam” şeirlər kitabı haqqında TƏƏSSÜRATLAR

Rahil Tahirlinin “Aynadakı adam” şeirlər kitabı haqqında məqalə

194377

Azərbaycan poeziyasının zirvəsini fəth etmiş ustad Füzuli şairlər haqqında belə deyirdi:

“Tanrının vergisi öz yerində, amma şairlik niyyətin qətidirsə, gərək yalnız ürəyin yox, beynin də daşana qədər dolu olsun”.

Şeir hisslərin yığışmışı, qalmışı, ən incə duyğularımızın əsrarəngiz hayqırışlarıdır. Şeir yazmaq hər adama qismət olmaz. Sözü hiss edən, sözə dəyər verən, sözü, özü bilən adamın işidir şair olmaq. İndiki şairlərin çoxu cahiliyyət dönəmindəki kimi bir-birindən köçürür nəinki təsirlənir. Qəlbin aynası pas tutmasa o təsirlənməyə daha çox məruz qalacaq və beləcə ortaya böyük əsərlər, hisslərin möhtəşəmliyini duyuran şeirlər çıxacaq.

Həmişə gözəl bir əsər və yaxud şeir oxuyanda onun yazarı ilə tanış olmaq istəyim olmayıb. Təsirləndiyim əsərlər canyanğısı ilə qəlbimdə elə dolub-daşıb ki, yazarını ən ülvi yerə qoyub mifləşdirmək istəmişəm ki, şəxsiyyətində qüsur olsa da, sözü gözümdən düşməsin. Amma zaman keçdikcə gördüm ki, söz elə adamın özü imiş. Sən demə insan sözdən ibarət imiş. Və oxuduğum, ilhamlandığım, qəlbimə işıq tutan yazarlarla başladım tanış olmağa. Təəssüflər olsun ki, haqqında yazdığım “Aynadakı adam” şeir kitabının müəllifini də tanımadığım halda yaradıcılığı ilə tanışam. Taleyin işinə bax ki eyni şəhərdə yaşasaq da, heç zaman yollarımız kəsişməyib. Qələmi ilə ilk tanışçılığımda hiss etmişdim ki, mütaliəli, şükürlü, səbirli ən əsası isə duyğulu şairdir.

İndi sizi çox intizarda saxlamadan Rahil Tahirlinin qələmində gördüyüm, duyduğum incə və həssas çalarları sizinlə bölüşmək istəyirəm. Kitabda qarşıma çıxan ilk şeirdə bir ifadə var “adamlar evləri diri saxlayır”. Düşünürəm, ürəyi, zəhməti, halallığı, bir də əli qabarlı adamlar üçün yazılmış ən ülvi şeirdir bu. “Bir də məndən bax özünə” şeirindəki üsyanın görünən tərəfində Allah varsa, əsl mahiyyətində insanın iç dünyasındakı vicdanla üz-üzə qalma və şikayətlənmə halı var. Şair sanki ustad Füzuliylə eyni dərdi çəkir, eyni acını paylaşır, sözün tozunu alaraq ona yeni libas geyindirir.

Füzuli dərdlərdən dağ düzəltdiyi halda Rahil Tahirli ustadını bu misralarla cavab verir:

Dağa məğrur deyirlər, dağa dərd yükləyirlər,

Əriyib torpaq olur o, kiçilə-kiçilə.

Şeirləri vərəqlədikcə görünən budur ki, şairin yaxşı mütaliəsi var. O, intibah, klassik və müasir dövr ədəbiyyatına yaxşı bələddir. Əlbəttə, mütaliə olmasa, rəngarəng sözlərlə oxucu qəlbinə yol tapmaq olmaz. Şair bir çox ustadlardan bəhrələndiyi kimi bu dünyadan bayram yeli kimi əsib keçən yaddaşlarda “Heydər babaya salam” adlı irs qoyub gedən Şəhriyardan da nəsibinə düşən payı almışdır.

Şəhriyar bir şeirində:

Bəxtin dura, baxarsan, yadlar qohum qardaşdı,

Amma bəxtin yatanda, qohum-qardaş yad olur”

dediyi halda, Rahi Tahirli digər şeirində belə deyir:

Pisdisə çəkilib gen dayanarlar,

yaxşının yiyəsi çox olur, dədəm

Şairin yaradıcılığının pik nöqtəsi heç kəsə izah edə bilmədiyi iztirablardır. Hərkəsin baxdığı görüntülər şairə başqa cür yansıyır. Onun baxışı daha dərin, daha iztirablıdır. Üzü gülsə də, içindəki nalələnin fəryadı ərşə dayanıb. Bölüşə bilmir bu hissləri kimləsə.

Özünə vəfalı olan qələmi ilə bölüşür bu ürəkparçalayan hissləri:

Bu qızı küçəmi doğub,

Deyirlər, küçə qızıdır.

Gündüzlər gözə görünməz,

Bəxtəvər gecə qızıdır.

Şair bu şeirində qızın gözlərində gizlənərək küçəyə xısın-xısın ağlayır. Bizi hər gün uğurlayan və qarşılayan küçələrin soyuqluğu şairin qəlbini dondurur. Bu küçələrdə öz simalarını itirən o məsum uşaqların dərdini çəkir sanki. Bu küçələrdə əriyib muma dönən anaların dərdini çəkir sanki.

Şairin dərdi çəkilməzdir:

Yəqin, çağırıb anası,

Sorağı yetməyib qıza.

O qızlıq edib, küçəsə

Analıq etməyib qıza.

Şair kitabında dünyamızın gələcəyi olan uşaqları daha ön plana çəkir. Uşaqların gələcəyi üçün bütün insanları həmrəyliyə səsləyir. Sənin, mənim yox, bizim uşaqlar anlayışı var şeirdə. Hər kəs bu cür incə və zərif düşünsə, necə də gözəlləşər dünyamız.

Bizim nağıl dünyamız olan uşaqlar şairin dilindən rəngarəng misralarla tökülür:

Silahları qoyun yerə,

Uşaqların xatirinə!

Bir çiçək götürsün hərə,

Uşaqların xatirinə!

Misralar cilalanıb, sözlər qəlibə salınan da şeir çərçivələnmiş şəklə bənzəyir. Lakin Rahil Tahirli sözü azad buraxaraq sözün şəklini çəkib. Şəklin tozu alındığı kimi.

O, maddi dünyadan çox mənəviliyə səsləyir oxucusunu:

Mənsizlik səni kövrəltsə,

Üzünü güldürər şəklim.

Özündən ayrı saxlasan,

Özünü öldürər şəklim.

Hər bir şair kimi Rahil Tahirli də əsl sevgidən, həqiqi sevgidən əziyyət çəkir. Onun sevgisi də Məcnunun sevgisinə bənzəyir. “Get, get, sən o Leyli deyilsən” səsləyişi var misralarda. Sanki sevgilinin adı var, özü yoxdur. Ona həsrətlik, onun vüsalına çatmamazlıq var.

Lakin bu şairi bir anda narahat etmir:

Ayrılaq sevgi yaşasın,

Gəlib oduna düşməyim.

Olum dilinin ucunda,

Ancaq yadına düşməyim.

Unutmayaq ki, şair Naxçıvan ədəbi mühitinin yetirməsidir. Və bu bizə xoş təsir bağışlayır ki, poeziya bir estafet kimi hər daim Naxçıvanda ürəkdən-ürəyə yol tapıb, məşəl olub. Şairin bu qədər hissli olmasında, duyğularını açıq şəkildə izhar etməsində bu mühitin təsiri də, yəqin ki, danılmazdır.

İllər keçəcək şairin özünün bəhrələndiyi kimi onun öz oxucuları da onun yaradıcılığından bəhrələnəcək:

Xəbərin yox yer üzündən,

Göy üzündə Xudam qalıb.

İndi hamı çıxıb gedib,

Aynadakı adam qalıb.

Qəlb şairi olmaq üçün qəlbini yaradıcılığa şam edən bütün yaradıcı ziya sahibləri kimi Rahil Tahirliyə də bu yolda bir an belə büdrəməməyi təmənni edirik. Ümid edirik, aynadakı adam bir gün özünü tanıyar və haqq yolunda yoğrula-yoğrula qəlibə düşərək vəznlərə sığmaz.

Fariz ƏHMƏDOV ("Şərq qapısı" qəzeti)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin