Valeh Kərimov: “Köhnədən qalan adamam, müasir fikirləşə bilmərəm” – ÖZƏL 

Hazırda oxunan: Valeh Kərimov: “Köhnədən qalan adamam, müasir fikirləşə bilmərəm” – ÖZƏL 

188772

“2018-ci ildə “Bəxt üzüyü” filminin ikinci hissəsi çəkildi. Amma janrı başqa idi. Birinci “Bəxt üzüyü” Vaqif Səmədoğlunun yazdığı klassik janrda qoyulmuşdu. Amma həmin ekran əsərin ikinci hissəsi kommersiya məqsədləri güdürdü. Filmin istehsalçısı Əməkdar artist Tahir İmanov idi. Orada da “Şən Hazırcavablar Klubu”nun zarafatları vardı. Bir sözlə janr baxımından fərqli-fərqli filmlərdir. Mən hər iki bölümünə çəkilmişəm və çox da razıyam”. 

Mingəçevir Dövlət Dram Teatrında aktyoru və quruluşçu rejissoru Xalq artisti Valeh Kərimov tədbirlərin birində Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.  

80 yaşlı sənətkar bir müddət əvvəl söylədiyi “1991-ci ildə “Moşu obrazına çəkildiyim “Bəxt üzüyü” filminə baxmamışam” fikirlərinə aydınlıq gətirib: 

“Mən “Bəxt üzüyü” filminin hər iki bölümünə baxmışam. Az qala həmin ekran əsərləri televiziyada hər həftə nümayiş olunur. “Bəxt üzüyü”nün birinci bölümünə 1991-ci ildən bəri 3 dəfə baxmışam. Çəkildiyim filmlərin azərkeşi deyiləm ki, oturub özümə baxım”. 

“Moşu” obrazı ilə tamaşaçıların yaddaşına həkk olunan aktyor hazırda çəkilən filmləri “başqa şey” adlandırıb: 

“İndi çəkilənlər film deyil, başqa şeylərdir. Onlar filmə oxşayır, amma film deyil. Onları da həvəskar uşaqlar çəkirlər. Film deyil... Film çəkəndə onun rejissoru, aktyoru, səsləndirməsi, işıqçısı bu sənətin adamı olmalıdır. Kinonu kino adamları çəkməlidir. Həvəskarlar 5-6 aparat alıb, “gəl bir film çəkək” deyirlər. Çəkirlər də, amma çəkdikləri birmənalı olaraq film deyil, başqa şeydir. 


Hərdən qabağıma çıxır. Etiraf edim ki, baxıram, görüm nə çəkilib. Mən köhnədən qalan adamam. Müasir fikirləşə bilmərəm. Mən əsl film necə çəkilirsə, o cür görmüşəm. Ona görə də yeni çəkilənləri qəbul edə bilmirəm. Bəlkə də bu mənim çatışmamazlığımdır və belə olmalı deyil”. 

Xalq artisti bir çox həmkarları kimi film və seriallara ucuz qiymətə çəkilmədiyini vurğulayıb: 

“Mənə yeni filmlərə çəkilmək təklifləri gəlmir. Gəlsə, həm sevinərəm, həm də çəkilərəm. Amma burada söhbət əsl peşəkar heyətdən və çəkiləcək bədii əsərdən gedir. Belə olan halda çəkilərəm. Düşünürəm ki, bu təkliflər qonorara görə gəlmir. Rejissorlar zənn edirlər ki, mən çəkilmək üçün yüksək qonorar istəyəcəyəm. 

İndi heç filmlər çəkilmir. Əsasən seriallar lentə alınır. Digər həmkarlarımla söhbətləşən zamanı onlardan qonorar söhbətini soruşuram. Cavab verirlər ki, qonorar 30-50 manat aralığında dəyişir. Bu qiymətə isə mən heç zaman çəkilmərəm. O da məni çağırmaz, çünki o qiymət rejissora sərf edir. Sənətkarla işləmək başqadır. 

Fikirləşirəm ki, bütün aktyorlar bunu təsdiq edirlər ki, nə qədər böyük aktyor da olsan, onlarla işləyə biləcək peşəkar rejissor lazımdır. Onun hünəri çatmalıdır aktyora deməyə ki, “saxla, bu hissəni düzgün oynamadın”. Bunu belə etməlisən və ya bu cür göstərməlisən”. 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin “Bu gün Azərbaycan kinosu xəstədir” fikirlərinə Valeh Kərimov bu cür münasibət bildirib:   

“Onun sözlərində böyük həqiqət var. Kinomuz “xəstələnsə də” amma ölməyib. Yəni sağala bilər... Bu sahədə inkişaf gəldikdə isə qalıb “iki daşın arasında”. Nə köhnə, nə də ki təzə üsulla işləyə bilir. Köhnə üsulla işləyənlər gərək qırılıb qutarsınlar ki, yeni şey yaradılsın. Mən bu sahədə elə də uzaqgörən deyiləm, tam da dəqiq özüm də bilmirəm. Ona görə də kinomuzun inkişafı barəsində çox danışa bilmərəm”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin