Azərbaycanda bir neçə ildir konsert, idman yarışları, muzey və teatr tamaşalarında iştirak üçün biletlər həm də onlayn qaydada satılır. Onlayn bilet satışı müasir dünyada vaxta qənaət etməyə, istirahət günlərini öncədən planlamağa imkan verir.
Lakin hazırda ölkədə onlayn bilet satışını həyata keçirən “İticket.az” saytında bəzi teatr tamaşalarına və muzeylərə onlayn qaydada bilet almaq mümkün deyil. Ziyarətçilər həmin muzeylərə ziyarət edəcəkləri saatda yaxınlaşmalı və ənənəvi qaydada bilet əldə etməlidirlər. Paytaxtda onlayn şəkildə bilet alıb, ziyarət edə biləcəyimiz az sayda muzey var.
Teatrlara gəldikdə isə Bakıdakı teatrların hamısına onlayn qaydada bilet almaq mümkündür.
Yalnız Pantomima Teatrı istisnadır.
MÖVZU İLƏ BAĞLI:
Türk Dünyasının Yumor Festivalı keçiriləcək - FOTO
Bizim.Media bunun səbəblərini elə teatr və muzeylərin özündən öyrənib.
Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev Bizim.Media açıqlamasında yaxın günlərdə bu məsələni həll edəcəklərini deyib:
“Bizim teatrda cəmi 40 tamaşaçı yeri var. Bu, birinci məsələdir. İkinci məsələ odur ki, teatrın bir balaca problemləri olduğu üçün hələ qoşula bilmirik. Qoşulmağı düşünürük, hər kəs “İticket.az”da var, biz niyə olmayaq?!”
Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktor müavini Kəmalə Nuriyeva nazirlikdən bununla bağlı göstəriş gəldiyini bildirib:
“Mədəniyyət Nazirliyindən göstəriş var, hazırda üzərində iş gedir. Nə vaxt olacağını dəqiq bilməsəm də qoşulacağımızı bilirəm”.
Hüseyn Cavidin ev muzeyindən isə onlayn satışa görə Mədəniyyət Nazirliyinə özlərinin müraciət etdiklərini qeyd ediblər.
Azərbaycan Milli İncəsənət Muzeyindən hazırda onlayn bilet satışını həyata keçirən saytla əməkdaşlıq etmədiklərini, müqavilə imzalamadıqlarını vurğulayıblar.
Müasir İncəsənət Muzeyindən isə onlayn qaydada bilet satışının olmamasını belə əsaslandırıblar:
“Muzey özəldir, biletlər çap versiyadadır, özəl dizayn olunmuş biletlərdir. Yəni muzeyin rəsm əsərlərinin fotosu biletin üzərindədir. Həmçinin, bizdə biletlər standart deyil, uşaq, böyük, tələbə biletləri var və biz onları yoxlanış əsasında keçiririk”.
Günay Şahmar, Bizim.Media