Dekabrın 4-də Heydər Əliyev Sarayında söz, saz və aşıq musiqisini sevənləri möhtəşəm bir axşam gözləyir. Təbrizin məşhur “Dalğa” musiqi qrupu növbəti dəfə sevənlərinin görüşünə gəlir.
Bu dəfəki konsert proqramında güneyli-quzeyli sənətçilər bir araya gələcəklər. Güneyli Aşıq Cavad Məhərrəmi, Aşıq Məhbub Əbdu, Aşıq Salar Mehdipur, Aşıq Xatirə Məhəmmədxanlı, Quzeydən isə Aşıq Əli Zeynalabdinov, Məhsəti Cabbarova, Mirələm Mirələmov, Anar Şuşalı, Aşıq Nazim Quliyev və digər sənətçilər həmin gün Heydər Əliyev Sarayının səhnəsində öz yeni ifalarını təqdim edəcəklər.
Möhtəşəm konsertin anonsunu Bizim.Media-ya verən “Dalğa” musiqi qrupunun bədii rəhbəri, saz ustası Çingiz Mehdipur bildirib ki, bu konsertdə aşıq musiqisini sevənləri çoxlu sürprizlər gözləyir:
“Dədə Ələsgərdən tutmuş, bu günümüzə qədər aşıq sənətində ərsəyə gələn nadir incilər gözəl ifaçılarımızın ifası ilə səhnədən zaldakı insanların qəlbinə axacaq.
Əminəm ki, bu konsertə gələnlər aşıq musiqisinin nəhəngliyini bir daha görəcək və ona daha dərindən bağlanacaqlar”.
Qeyd edək ki, “Dalğa” musiqi qrupunun bədii rəhbəri Çingiz Mehdipur 50 ilə yaxındır ki, saz sənətin sehrində yaşayır və bu zəngin mədəni irsimizi təkcə Güneyli-Quzeyli Azərbaycanda yox, bütün dünyada təbliğ edir. Gözəl saz ustası bu günə kimi dünyanın 30-dan artıq ölkəsində konsert proqramı ilə çıxış edib. Bu sıraya ABŞ, Kanada, İspaniya, Almaniya, Yaponiya və digər ölkələr daxildir.
Çingiz Mehdipur təkcə saz ustası deyil, həm də gözəl tədqiqatçıdır. Bu vaxtadək o 100-ə yaxın aşıq havasını notlaşdırıb. Onun müəllifi olduğu “Saz məktəbi” tədris kitabı Bakıda və Təbrizdə nəşr olunub.
Bir sözlə yüz dəfə eşitməkdənsə, bir dəfə görməyi üstün bilən bütün saz, söz aşiqlərini dekabrın 4-də Heydər Əliyev Sarayına dəvət edirik.
Möhtəşəm konsert proqramı saat 20:00-da başlayacaq. Konsertin biletlərini Sarayın kassalarından və paytaxtın müxtəlif ünvanlarından əldə etmək olar.
Surxay Atakişiyev, Bizim.Media