Bu gün doğum gününü qeyd etdiyimiz Müslüm Maqomayev haqqında 10 MARAQLI FAKT

Hazırda oxunan: Bu gün doğum gününü qeyd etdiyimiz Müslüm Maqomayev haqqında 10 MARAQLI FAKT

151243

Bu gün dahi Azərbaycan müğənnisi, milyonların sevimlisi Müslüm Maqomayevin doğum günüdür. Yaşasaydı bu gün 81 yaşını qeyd edəcəkdir. Təəssüf ki, vaxtsız ölüm onu həyatdan çox tez apardı. Lakin, Müslüm Maqomayevin sənətini sevənlər hər zaman onu xatırlayır, ehtiramla yad edir.

Bizim.Media bənzərsiz və təkrarolunmayan səsi ilə milyonları heyran qoyan  Müslüm Maqomayev haqqında 10 maraqlı faktı təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Müslüm Maqomayev Rusiyanın xalq artistinin həyatını necə xilas edib? - DETALLAR


1. Müslüm Maqomayevin səs diapazonu qeyri-adi dərəcədə geniş olub: operalar, musiqilər, neapol mahnıları, Azərbaycan və rus bəstəkarlarının vokal əsərlərini o bənzərsiz şəkildə ifa edib.

2. Maqomayevin damarlarında rus, tatar, adıgey və azərbaycanlı qanı axıb. O milliyyəti barədə suala belə cavab verib: “Azərbaycan mənim atam, Rusiya mənim anamdır”.

3. Müğənninin atası, teatr artisti Maqomet Maqomayev 2-ci dünya müharibəsində qələbəyə bir neçə gün qalmış cəbhədə həlak olub. Anası Ayşet Kinjalova gənc ikən dul qalıb və aktrisa olmaq fikri ilə Rusiyaya, Tver vilayətində yerləşən Vışnıy Voloçek şəhərinə gedib.

Balaca Müslüm Bakıda qalıb. Nənəsi Bəydigül gəlinini sevməyib və uşağı ona verməyib. Ona görə də əmisi Camal gələcək müğənnini böyüdüb. Maqomayev ilk fortepiano dərslərinə görə məhz ona borclu olub.
4. Skripka çalmağı öyrənən balaca Müslüm bir gün otağına qapanaraq aləti kiçik hissələrə bölüb.  Bu, Amati skripkası olub.

5. Sovet İttifaqında milyonlarla insanı lərzəyə gətirən həmin məxməri bariton Maqomayevdə 14 yaşında peyda olub. Əvvəlcə qohumlarından gizlədib, Xəzər dənizinin sahilinə çıxıb dalğaların səsinə səs verərək mahnı oxuyub. Bunlar onun ilk vokal dərsləri olub.

6. Maqomayev ilk dəfə on səkkiz yaşında evlənib. Evlilik bir il belə davam etməyib, amma müğənni ata olmağı bacarıb: yeganə qızı Marina dünyaya gəlib.

7. Maqomayevin həyatının qadını adlandırdığı Tamara Sinyavskaya ilə onu üç dəfə tanış ediblər. Üçüncü dəfə səbri tükənib və deyib: "Bəli, biz artıq bir-birimizi tanıyırıq!".

8. Müslüm Maqomayev uzun müddət SSRİ-də ingilis dilində oxumağa icazə verilən yeganə müğənni olub.

9. SSRİ-nin lideri Leonid Brejnevin ən çox sevdiyi 2 müğənnidən biri Müslüm Maqomayev olub. Brejnevin iştirak etdiyi əsas dövlət tədbirlərində son “sözü” Müslüm Maqomayev deyirmiş.

10. Müğənnilik karyerasını başa vuran Maqomayev heç bir “son konsert” verməyib. O, sadəcə olaraq ifa etməyi dayandırıb və diqqətini rəsm və heykəltəraşlığa yönəldib.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin