XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının yekun konserti oldu - FOTO

Hazırda oxunan: XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının yekun konserti oldu - FOTO

149240

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb. Gözəl ənənəyə çevrilən festival bu dəfə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bilib.

İyulun 27-də başlanan və yeddi gün davam edən musiqi bayramında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak ediblər.


Bizim.Media xəbər verir ki, budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdu.

Avqustun 2-də keçirilən yekun konsertində Xalq artisti Ənvər Sadıqov (qarmon), Əməkdar artist Emil Əfrasiyab (piano) və “Qaytağı” instrumental ansamblının iştirakı ilə tamaşaçılara möhtəşəm proqram təqdim edilib.

Ansamblın heyətinə Əməkdar artist Ələkbər Ələkbərov (tar), Şakir Davudov (skripka), Orxan Musayev (balaban, klarnet), Xasay Gülməmmədov (saz, ud), Bəhram Mahmudov (qoşa nağara, perkussiya), Elvin Bəşirov (zərb alətləri), Taleh Ağayev (piano), Elmir Əliyev (nağara), Səlim Məmmədov (bas gitara) və Hidayət Sadıqbəyli (piano) daxildir.


Konsertdə Xalq artisti Ənvər Sadıqovun, Əməkdar artist Emil Əfrasiyabın və “Qaytağı” instrumental ansamblının təqdim etdiyi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından və “Əhməd haradadır?” kinofilminin musiqisi əsasında popurrilər, Cahangir Cahangirovun “Zəriflik”, xalq rəqsi “Xançobanı”, “Telefonçu qız” kinofilmindən “Xəyal”, “Doğma nəğmələr”, Astor Pyatsollanın “Adios Nonino”, Ənvər Sadıqovun “Praktike by 9/8”, Emil Əfrasiyabın “Prayer”, Ruhəngiz Qasımovanın “Anacan, dostum evlənir”, “Ətrin qalıb güllərdə”, V.Cosma – “Oyuncaq” kinofilminin musiqisi əsasında popurri, “Xan Şuşinskinin repertuarından”, “İtalyansayağı”, Tofiq Quliyevin “Naxçıvani”, xalq mahnısı “Laçın”, xalq rəqsi “Uzundərə” və digər əsərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.


Beləliklə, XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatıb. Nüfuzu ildən-ilə artmaqda olan bu festival Azərbaycanın mədəni həyatında çox mühüm əhəmiyyətə malikdir.

Klassik musiqi vurğunu olan hər bir insanın səbirsizliklə gözlədiyi Qəbələ Beynəlxalq Musiqi Festivalı həm də yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik və tədqiqatların mübadiləsinə xidmət edir.

Festival günlərində musiqisevərlər və Qəbələnin qonaqları Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, “Gənclərə dəstək” layihəsi iştirakçılarının, Bakı Kamera Orkestrinin, “Clarte” klarnet kvartetinin, Litva Kamera Orkestrinin, gənc muğam ifaçılarının konsertlərini izləmək imkanı əldə ediblər.


Dahi rus bəstəkarı Sergey Raxmaninovun 150, görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 90, tanınmış pianoçu Bella Davidoviçin 95, görkəmli alman bəstəkarı İohannes Bramsın 190 illik yubileyləri də festival çərçivəsində xüsusi konsert proqramları ilə qeyd edilib.
Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində və açıq səhnədə keçirilən bu konsertləri minlərlə tamaşaçı böyük maraqla izləyib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin