Gəncə üsyanının İZİ İLƏ... – Emil Məcidovun yeni romanının TƏQDİMATI – FOTO 

Hazırda oxunan: Gəncə üsyanının İZİ İLƏ... – Emil Məcidovun yeni romanının TƏQDİMATI – FOTO 

140021

Yazıçı Emil Məcidovun yeni nəşr olunan“Teymurləngin tamqası” adlı romanının Bakı Kitab Mərkəzində təqdimatı olub.

Bizim.Media xəbər verir ki, kitab Moskvanın “Yauza” nəşriyyatında rus dilində çap olunub.

Kitabın giriş hissəsində romanın motivindən bəhs olunur: 

“Əsər 1920-ci ildə baş vermiş Gəncə üsyanı ilə bağlıdır. Bu üsyan zamanı Azərbaycan ordusunun zabitlərinin öz şərəfli tarixlərindən - Gəncə xanı Cavad xanın 1804-cü ildə rus işğalına qarşı apardığı müqavimət hərəkatından ilhamlanaraq bolşevik istilasına və repressiyalarına qarşı çıxışlarına romanda işıq tutulub”.


Romanın baş qəhrəmanı Yelizavetpol (Gəncə) quberniyasının mübariz sakini Həsən bəydir. O 20-ci əsrin əvvəllərində Çar Rusiyasının ədalətsizliyindən və təqiblərindən qaçıb yad ellərdə yaşayıb. Lakin sonradan öz yurduna qayıdaraq soydaşlarının azadlıq mücadiləsinə qoşulub, bolşeviklərə qarşı sonadək mübarizə aparıb.

Təqdimat mərasimində çıxış edən Emil Məcidov bildirib ki, kitabına sadə ad qoymaq istəyib: 

"1920-ci il". Çünki, mənim zənnimcə, bu il türk xalqlarının tarixində ən pis il olub. 1920-ci ildə türklərin bir dənə də olsun müstəqil dövləti yox idi. Azərbaycan Xalq Cümhuriyyətini itirmişdik, Türkiyə Cümhuriyyəti hələ ayağa qalxmamışdı. Digər türk dövlətləri isə ya tam, ya da qismən işğal vəziyyətində idi. 

Bu ilə baxanda onu sivilizasiyamız üçün mütləq çöküş kimi başa düşürsən. Və nə yaxşı ki, o ildən biz tədricən, müxtəlif yollarla, addım-addım yüksəlməyə başladıq. Və "Teymurləngin Tamqası" adı ondan doğuldu ki, mən “Türklərin Müqəddəs Qrası” kimi bir şey tapmağa çalışdım. Koreyadan Balkanlara qədər geniş ərazidə baş verənləri əks etdirəcək bir növ simvol yaratmaq istədim... 
Teymurləng haqqında miflərdə deyilir ki, böyük sərkərdə həmişə sinəsində üç dünya üzərində hakimiyyəti simvolizə edən üçbucaqlı üç üzük olan bir tamqa taxırdı. Bəlkə elə buna görə Rus nəşriyyatı daha çox ajiotaj yaratmaq üçün romana “Teymurləngin Tamqası” adını təklif etdi”.


Romana gedən uzun yol

Emil Məcidov on ildən artıq bu roman üzərində işləyib. Günlərlə müxtəlif arxivlərdə axtarışlar aparıb, sənədlər toplayıb və hətta o illər haqqında məlumatlı olan bir çox insanlarla həmsöhbət olub. “Teymurləngin Tamqası” kitabındakı personajların əksəriyyəti müəllifin Fövqəladə Komissiyanın arxivində oxuduğu, Gəncə və Bakı ağsaqqallarının danışdıqları real hadisələr və insanlar üzərində qurulub:

“Bu, mənim kağız üzərinə köçürdüyüm kollektiv yaddaşların bir səlnaməsidir. Mən tarixin rəsmi qeydlərindən qaçaraq insanların o dövrə baxışlarının sintezini yaratmağa çalışmışam”- deyə müəllif bildirib.

Romandakı digər maraqlı məqamsa baş qəhrəmanla bağlıdır. Belə ki, roman əsasən yazıçının ulu babasının sərgüzəştləri üzərində qurulub. Müəllif çıxışı zamanı ulu babasından da danışıb:


“Həsən Adıgözəlov qanunla qanunsuzluq arasındakı incə xətti tutub getsə də, ömrünün sonunda Gəncə üsyanının fəal iştirakçısı və təşkilatçılarından biri olmaqla  bütün günahlarını yuyub və mübarizəsini əsas məqsədini özü üçün müəyyən edib”.

Roman müəllifi deyir ki, qəsdən ümumi hərəkətdən - ADR-in qurucularının məqalə və kitablarına istinadlardan yayınmağa çalışıb:

“O dövrün siyasətçilərinin çıxışlarında üsyanla bağlı fikirlər var. Amma mənim hadisələrə yanaşmam bu fikirlərdən fərqli olub. Axı siyasətlə real həyat arasında dərin bir uçurum var. Və bu həm də mənim XX əsrin əvvəllərində baş verən hadisələrin şahidlərinin, adi insanların gözündə proseslərin necə görünə biləcəyini anlamaq cəhdidir”.

Çoxalan şəxsiyyətlərimiz

“Teymurləngin Tamqası” kitabı ilə tanışlıq Azərbaycan xalqının siyasət, mədəniyyət tarixi, inkişafı, dünəni, bu günü və gələcəyi haqqında düşüncələr üçün bir fürsətdir.

Bu barədə danışan Emil Məcidov bir etiraf da edib:

“Ola bilsin ki, mənim yanaşmamda fərqlilik var. Axı bizim tariximiz kiçik şəhər, sahil və ya bəzi dağətəyi ərazilərlə bağlı düşüncələrlə məhdudlaşmır. Unutmayaq ki, biz nəhəng bir ərazidə min illərdir davam edən proseslərin məhsuluyuq. Çoxlu  özünüidentifikasiya bizim təbii halımızdır. Kitabımın rus dilində yazılmasının səbəbi də məhz budur. 


Azərbaycan mədəniyyətinin çoxdilli, hətta çoxkonfessiyalı olmasının səbəbi də budur. Tariximizdə tamamilə fərqli və mürəkkəb şəkildə kəsişən mədəni təsirlərin dövrlərini izləyə bilməyimizin səbəbi budur.

Amerikanın harasındasa yaşayan azərbaycanlının eyni anda özünü türk, azərbaycanlı və iranlı adlandırmasının səbəbi də budur. Və mən bunda heç bir fundamental problem görmürəm. Düşünürəm ki, biz bu çoxsaylı özünüidentifikasiyaya bir resurs kimi baxmalıyıq. Əsas odur ki, maksimum sayda insan özünü azərbaycanlı adlandırsın və maksimum sayda insan bununla fəxr etsin”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin