Xalq artisti Rasim Balayev Prezident İlham Əliyevlə Şamaxıdakı görüşü ilə bağlı xatirəsindən söz açıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı sənətkar ona həsr edilən “Ötən günlər” verilişində danışıb.
R.Balayev bildirib ki, görüş zamanı ölkə başçısına filmlərin çəkilmədiyi haqda məlumat verib:
“Bizi Şamaxıya çağırmışdılar. Nəsiminin heykəlinin açılışı idi. Ora çatanda gördüm ki, hamı pencəkdədir, mən də gödəkçədəyəm. Dedim ki, yaxşı deyil, Prezident kostyumda durub, mən gödəkçədə çıxım? Çıxartdım ki, kiməsə verim saxlasın, gördüm ki, hamısı nazirlərdir. İndi mən bunu kimə verim ki, saxla, gedirəm ora? Təzədən geyindim. Getdim cənab İlham Əliyevin yanına. Dedim ki, cənab Prezident, məni bağışlayın, bir az xəstəyəm. Dedi ki, eybi yoxdur. Sonra mənə qayıtdı ki, Rasim müəllim, sən canlı Nəsimisən. Bu heykəl necədir?
Heykəltəraşlar da Prezidentin razılığını gözləyirlər ki, qonorar alsınlar. Desə ki, pisdir, bunlar batdı. Desə ki, yaxşıdır, gedib pullarını ala bilərlər. Dedim ki, cənab Prezident, yaxşıdır, amma... Amma deyəndə bunlar ağardı ki, nə amma? Dedim ki, cənab Prezident, film də çəkilmir, yaxşı pul versələr mənə, səhərdən gəlib axşama kimi duraram burada. Bərkdən güldü. O sözlə çatdırdım ki, kino çəkilmir...”
Rəşad Əliyev, Bizim.Media