Görkəmli ziyalı Qənbər Qurbanovu xatırlayarkən

Hazırda oxunan: Görkəmli ziyalı Qənbər Qurbanovu xatırlayarkən

128044

Parlaq ziyalı, təcrübəli siyasi xadim Qənbər Heydər oğlu Qurbanov 1923-cü ilin mart ayında Naxçıvan MR-nın Babək rayonunda anadan olub. Natamam orta təhsilini başa vurduqdan sonra həmyaşıd olduğu Ulu Öndər Heydər Əliyevlə birlikdə məktəbdə təhsil alıb, sonradan Gəncə şəhər Kənd Təsərrüfatı İnstitutunu və Bakı Ali Partiya məktəbini bitirib.

Böyük Vətən müharibəsi illərində ordu sıralarına qatılaraq döyüşlərdə iştirak edib, “İgidliyə görə” medalı ilə təltif edilib. 

1952-ci ildə ehtiyatda olan zabit kimi yenidən ordu sıralarına çağırılaraq hissə komandirinin siyasi işlər üzrə müavini vəzifəsində xidmət edib.

Gənc yaşlarında ayrı-ayrı orta məktəblərdə müəllim, məktəb direktoru vəzifələrində çalışmış sonralar partiya işinə irəli çəkilərək Naxçıvan şəhər, rayon partiya komitələrində rəhbər vəzifələrdə, Naxçıvan Vilayət Partiya Komitəsinin katibi vəzifəsinə seçilərək on ilə yaxın həmin vəzifədə işləyib.

Bir neçə çağırış Naxçıvan MR Ali Sovetinin deputatı seçilib. Bir çox orden və medallarla təltif edilib. Qənbər müəllim geniş əhatəli elmi potensialı, zəngin dünyagörüşünə malik şəxsiyyət idi. Qədim zamanlardan sovetlər dövrünə qədər Naxçıvanın tarixini mükəmməl bilirdi. 

Qənbər Qurbanov fəaliyyət göstərdiyi illərdə daim çalışardı ki, irəli çəkdiyi kadrlar vətənini, xalqını qanı, canı qədər sevsin, savadlı, sanballı olsun, işinin öhdəsindən layiqincə gəlsin və şəffaf əməllərinə görə el içində kifayət qədər nüfuzu olsun.

Bunu bilənlər və bu proseslərin şahidləri daha yaxşı bilirlər ki, həmin illər Qənbər Qurbanovun gərgin zəhməti sayəsində Muxtar Respublikada çox etibarlı kadr korpusu formalaşmışdı. 

Bu yazının müəllifi kimi nəzərə çatdırmaq istəyirəm ki, bir zamanlar keçmiş partiya, sovet orqanlarında mən də məsul vəzifələrdə təmsil olunmuşam, çoxlu sayda məruzələr, çıxışlar yazmışam. Günlərin birində partiya arxivində araşdırmalar apararkən xoş təsadüfdən Qənbər Qurbanovun vilayət partiya komitəsinin plenumunda öz dəsti xətti ilə yazdığı çıxışına rast gəldim. 
Yazılan çıxış sözün əsl mənasında məni heyrətləndirmişdi. Onun bütün çıxışları məzmunlu, səlis və əhatəli olardı. Mən onda anladım ki, Qənbər Qurbanov özünə çıxış yazmağı özündən savayı heç kimə etibar etmir və kiminsə yazdığı çıxışı da bəyənmirmiş. 

Qənbər müəllim dünya şöhrətinə meyl edən insan deyildi. O, dəbdəbəni, təmtərağı sevməzdi. Sadəlik, səmimiyyət onun gündəlik həyat tərzi idi və bu xüsusiyyətləri də həmişə ona ucalıq gətirərdi. Onun qəlbi sanki qurub yaratmaq, insanlara qayğı, diqqət, yaxşılıq etmək eşqi ilə döyünürdü. Onun xeyir-duası ilə yüzlərlə xəstə şəfa, dağılmağa məruz qalan çoxlu sayda ailələr nicat tapmışdı. 

O, kimsəsizlərin kimsəsi, tərəfsizlərin, haqqın tərəfindəydi. Onun insanpərvərliyinə, humanistliyinə, insanlara qayğı və diqqətinə yaxından bələd olan şəxs kimi düşüncələrim məni vadar edir deyim ki, XII əsrdə yazıb-yaratmış şeyx babamız Nizami Gəncəvi bu misralarını sanki Qənbər Qurbanova ithaf edib:

“Çalış öz xalqının işinə yara,
Geysin əməlinlə ellər zərxara”


1983-cü ildə Qənbər Qurbanovun 60 yaşı tamam olurdu. O, istəsəydi yubileyini Muxtar Respublika səviyyəsində keçirdə bilərdi. Lakin o, sadəlik nümunəsi göstərərək 60 illik yubileyini doğmaları ilə öz evində qeyd etmişdi.

Yubileyindən də bir ay sonra gözlənilmədən, heç kimə əzab-əziyyət vermədən dünyasını dəyişib, övladlarının və doğmalarının çiynində son mənzilə yola salınıb.

Qədim şərq məsələlərinin birində deyildiyi kimi “adam var dünyasını dəyişəndə evdən gedir, adam da var eldən gedir”. Naxçıvan ziyalılarının dayağı Qənbər Qurbanov el ağsaqqalı kimi sözün həqiqi mənasında eldən gedib.

Sirr deyil ki, hər birimiz Allahın bəxş etdiyi gödək ömür payını yaşayırıq. Qənbər müəllim də cavan ikən həyata əlvida dedi. Düşünürəm ki, bu vaxtsız itkiyə üzülmək də lazımsızdır. Belə demək mümkündür ki, 100 il yaşayıb illər xəstəsi olub əziyyət çəkməkdənsə və ailəni, doğmalarını təngə gətirməkdənsə ən xoşbəxt ölüm 60 yaşdır. Dahilər dahisi Hüseyn Cavid əsərlərinin birində qeyd edib ki, “xəstə yaşam ömrə yamaqdır”.
Naxçıvan ictimaiyyətinin ahıl yaşlı nümayəndələri bu gün də Qənbər Qurbanovu yad edirlər, ruhuna dualar oxuyurlar, adını uca, ruhunu əziz tuturlar. Hər şeydən öncə ona görə ki, vəzifələrdə işləyərkən onun heç kimə pisliyi, yamanlığı keçməmişdi.

Onsuz da yaşadığımız dünya gəlimli-gedimli, son ucu ölümlü dünyadır. Hər qaranlıq gecənin aydın səhəri, hər günəşli gündüzün zülməti var. Məhsəti Gəncəvi rübailərinin birində necə gözəl vəsf edib:

“Bu dünya bir sınıq kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki, zəhər”


Bu kiçik həcmli yazını Qənbər müəllimin anadan olmasının 100 illiyi münasibəti ilə ərsəyə gətirməyi özümə mənəvi borc bildim və çalışdım ki, məqalə onun adına, ruhuna layiq olsun.

Qənbər Qurbanovun əziz xatirəsi doğmalarının, yaxınlarının və onu tanıyanların qəlbində əbədi yaşayacaq. 

Allah rəhmət eləsin, ruhu şad olsun, məzarı nurlu olsun! 

Tofiq İsmayılov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin