Dünyanın ən böyük kitabxanası - 201 km-lik kitab rəfləri - FOTOLAR

Hazırda oxunan: Dünyanın ən böyük kitabxanası - 201 km-lik kitab rəfləri - FOTOLAR

12622

Bu kitabxanada 120 ölkənin 137 dildə çap olunmuş kitabları mövcuddur. Söhbət Türkiyə Prezident Aparatı yanında fəaliyyət göstərən Millət Kitabxanasından gedir.

Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin dəvəti ilə Ankarada səfərdə olan bir qrup azərbaycanlı jurnalist qardaş ölkənin və İslam dünyasının ən böyük kitabxanasına səfər ediblər.

Kitab sayına görə dünyanın ən böyük kitabxanası hesab edilən bu məkan 125 min kvadratmetr əraziyə malikdir.
 

MÖVZU İLƏ BAĞLI:

1907-ci ildə tikilən 58 metrlik lift - Modern şəhərin antik tarixi - FOTOLAR


Kitabxana gün ərzində 5000 min oxucu qəbul edə bilir. Orjinal nüsxələrdən ibarət olan kitabxanada 4 milyon dövrü nəşr, 2 milyon 39 min yazılı kitab, 120 milyondan çox elektron nəşr, 550 min elektron kitab və nadir əsərlər yer alıb.

Çap mənbələri ilə yanaşı, elektron resurs abunəçiliyi də işə salınır. Uzunluğu 201 kilometr olan rəflərdə 120 fərqli ölkədən milyonlarla məqalə yer alıb.

Füsunkar və fəqrli dizaynı ilə seçilən kitabxanaya gələn oxucular üçün hər bir şərait var. Bina səlcuq, osmanlı və müasir memarlıq üslubunda inşa edilib. Kitabxanada 16 türk dövlətini əks etdirən sütün var ki, bu da özünəməxsus məna daşıyır.

Zalların genişliyi və işıqlı olması, oxucuların mütaliəsi üçün rahat oturacaqlar, gözəl üslubda inşa edilmiş bina möhtəşəmliyi ilə diqqəti cəlb edir.

Kitab sayının zənginliyi və nadir bilgilərin yer alması buranın dünyanın ən böyük kitabxanası kimi tanınmasına rəvac verib.     

Oxu zalı iki qalereyadan ibarətdir. Divarboyu rəflərdə minlərlə cild nəşr var. Zalda xüsusi işıqlandırma sistemi oxucuların rahat şəkildə çalışmalarını təmin edir. Kitabxananın məsləhət şöbəsində axtarılan bilgilərin əldə edilməsində yardım almaq mümkündür.

Kitabxana xaricdə çap edilən kitablar da daxil olmaqla dövlət idarəçiliyi, hüquq, iqtisadiyyat, siyasət elmi, fəlsəfə, sosiologiya, yerli idarəçilik, beynəlxalq münasibətlər, tarix, coğrafiya və parlament mövzularında nəşrlərlə zəngindir.

Həmçinin uşaq ədəbiyyatına da geniş yer verilib. Hər yaşda uşaq mütaliə üçün kitabxanadan rahat şəkildə istifadə edə bilir.  

Jurnalistlərə kitabxananın fəaliyyətindən məlumat verən bələdçinin sözlərinə görə pandemiyadan əvvəl kitabxana 24 saat fasiləsiz, istirahət günləri də daxil olmaqla fəaliyyət göstərirdi. Hazırda həftənin 5 günü saat 09:00-dan 15:00-a qədər kitabxana fəaliyyətdədir.

Pandemiya bitdikdən sonra günün 24 saatı kitabxana açıq olmaqda davam edəcək.

Kitabxanada oxuculara təmənnasız olaraq müxtəlif çeşidli şirə və yemək verilir. Pandemiya olduğu üçün yemək verilməsi hələlik saxlanılıb. 500 nəfərlik konfrans və sərgi salonlarından ibarət kitabxanada davamlı olaraq sərgilər keçirilir.

Kitabxananın akademik bölümü isə tələbə və müəllimlərin ixtiyarına verilib. İstər yerli, istərsə də əcnəbilər üçün fəaliyyət göstərən kitabxanadan hər mövzuda bilgi almaq mümkündür.

Xatırladaq ki, ötən illin 20-də İslam dünyasının ən böyük kitabxanasının Türkiyənin paytaxtı Ankarada təntənəli açılış mərasimi baş tutub.

Kitabxana Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə yaradılıb və eyni anda təxminən 5 min oxucuya xidmət göstərmək imkanı yaradılıb. Kitabxana fondunu təşkil edən kitab, qəzet və jurnallar dördmərtəbəli depoda mühafizə edilir.

Qeyd edək ki, bu günlərdə Türkiyənin ən böyük kitabxanasının fəaliyyətinin 1 ili tamam olub.

Alçina Amilqızı, Bizim.Media, Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin