"Təəssüflər olsun ki, yaxşıyam, deyə bilməyəcəyəm. Bir aya yaxındır ki, zəlzələ bölgəsindəyəm. Dünən İstanbula, oradan da bu gün Bakıya gəldim".
Bu sözləri bu gün Bakıya gələn türkiyəli müğənni Mahsun Kırmızıgül Bizim.Media-ya müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
Mahsun Kırmızıgül 17 ildən sonra BAKIDA - FOTO
Sənətçi ölkəsində baş verən təbii fəlakətdən sonra ilk olaraq Azərbaycanın Türkiyəyə göndərdiyi yardımlara görə Prezident İlham Əliyevə və xalqımıza təşəkkürünü bildirib:
"Acımız çox böyükdür. Çox böyük itkilərimiz var. Öz adımdan Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına yardımlar üçün təşəkkürümü bildirirəm. Elbistanda, Adıyamanda azərbaycanlı dostlarımızla birlikdə işlər gördük. Ona görə sizə minnətdarlığımı bildirirəm. Çox məyusam, konsertdə görüşənədək".
Türkiyədə baş verən zəlzələni əsrin fəlakəti adlandıran M.Kırmızıgül həyatında belə bir acı yaşamadığını və baş verənlərdən böyük sarsıntı keçirdiyini dilə gətirib:
"Baş verən bu fəlakətlə bağlı film çəkə bilmərəm. Orada ən yaxınlarımı gördüm. Yaxınlarımızı itirdik. Bu doğrudan da əsrin fəlakətidir. Həyatımda belə bir şey yaşamadım. Biz bu acıdan sonra özümüzə necə gələcəyik, bilmirəm. Allah heç kimin başına belə bir bəla göndərməsin. Konsertdən gələn gəliri də zəlzələ bölgəsinə ianə edəcəyəm. Mən bu hadisənin ikinci günü Adıyamana, sonra isə Hataya və Elbistana getdim. Əlimizdən gələni etdik və hələ də etməyə çalışırıq. Çünki hələ də dağıntılar altında insanlar var, sayı da çoxdur. Ölülər də var. Çox çətindir...".
Qeyd edək ki, Mahsun Kırmızıgül martın 12-də Bakı Konqres Mərkəzində canlı solo konsert proqramı ilə çıxış edəcək.
Rəşad Əliyev, Bizim.Media