18 fevral böyük Azərbaycan şairi, qəzəlxan Əliağa Vahidin anadan olduğu gündür. Bakıda anadan olub burada məktən keçən Əliağa İsgəndərov Füzuli irsinin sonuncu ən böyük davamçısı sayılır. 1895-ci il 18 fevralda anadan olan şair 1965-ci ilin 1 oktyabrında dünyasını dəyişib.
Moderator.az saytı Azərbaycan Mərkəzi Kommunist Partiyasının birinci katibi olmuş Mircəfər Bağırovla Vahid arasında olan bir neçə xatirəni təqdim edir. Xatirələr, mərhum alim Sədnik Paşa Pirsultanlının “Mir Cəfər Bağırov yaddaşlarda”x9d kitabından götürülüb:
Mir Cəfər Bağırova çatdırırlar ki, Vahid bir şair kimi öz hərəkətlətinə nəzarət etmir. Hər gün içir, münasib olmayan yerdə qəzəl oxuyur, meyxana deyir.
Bağırov Vahidi çağırtdırır və xeyli söhbət edəndən sonra deyir:
- Bax, aramızda yaxşı dostluq münasibəti yarandı. Mənə söz ver, mənim canıma and iç ki, bir də içməyəcəksən.
Əliağa Vahid qətiyyətlə deyir:
- Yoldaş Bağırov, canınıza and olsun ki, yenə də içəcəyəm.
Söz Bağırovun xoşuna gəlir və əlavə edir:
- Xətrinə dəymirəm, get iç. Amma ölçünü də itirmə.
****
Əliağa Vahid həm də repressiyaya görə özünü içki aludəçisi kimi göstərirdi. Bir gün Mir Cəfər Bağırova represiyya ilə bağlı verilən siyahıda onun adı olub. Mircəfər Bağırov Vahidin adının üstündən xətt çəkib deyir ki, o, içki aludəçisidir. Ondan ziyan gəlməz.
***
Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta, bununla bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib.
Vahidin Bağırova yazdığı şeir:
Evimi görsə naxırçı, deyər, samanlıqdır,
Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.
Divarda ağcaqanadlar, yer üstə taxtabiti,
Hücuma bax gecələr, gör nə hökmranlıqdır.
Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,
İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.
Çox ərizə yollamışam Baksovetə, Raysovetə,
Gözləməkdir işim, məsələ dumanlıqdır.
Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,
Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır.
***
Əliağa Vahid həmişə Mir Cəfər Bağırovun şəxsi qayğısını hiss edən şəxslərdən olub. Belə ki, onun vaxtında şairin səkkiz kitabı nəşr olunub. Mir Cəfər Bağırovdan sonra isə şairin vur-tut beş kitabı buraxılıb. Şairin iki yüzdən çox çap olunmamış əsəri arxivdə naşirlərin həsrətindədir.
1949-cu ildə Mir Cəfər Bağırovun göstərişi ilə Əliağa Vahidə Azərbaycanın əməkdar incəsənət xadimi adı verilir. Azərbaycan rəhbərinin bir arzusu da vardı: Vahidin qəzəlləri və satirik şeirləri rus dilinə tərcümə olunsun və o, Stalin mükafatına təqdim edilsin.
Elmin NURİ






























































































