Kamran Ağabalayev: “Türkiyəyə yardım edən xalqımın böyük ürəyi var” – MÜSAHİBƏ

Hazırda oxunan: Kamran Ağabalayev: “Türkiyəyə yardım edən xalqımın böyük ürəyi var” – MÜSAHİBƏ

121464

Fevralın 6-da  Türkiyənin 10 bölgəsində baş verən dəhşətli zəlzələ nəticəsində zərərçəkən insanlara yardım etmək üçün Azərbaycan dövləti və xalqı elə həmin gündən başlayaraq təxirəsalınmaz işlərə başlayıb. Yardım kampaniyasına öz töhvəsini verən məşhurlardan biri də aktyor Kamran Ağabalayev olub. Sosial şəbəkə hesabı ilə insanlara səslənən sənətçinin bu addımı izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.  

Bizim.Media mövzu ilə bağlı Kamran Ağabalayevdən müsahibə alıb. Həmin müsahibəni oxucularımıza təqdim edirik. 

- Hazırda qardaş Türkiyəyə hansı yardımların edilməsinə ehtiyac duyulur?  

- Daha çox dərman preparatlarına üstünlük veririk. Düşünürəm ki, bu yardımlar hələ uzun müddət davam edəcək. Zəlzələ bölgələrindən insanların Türkiyənin daha böyük bölgələrinə köçürülməsinə də başlanılıb. Bunun üçün də əlimizdən gələni etməliyik. Kimin üçünsə ev tutub aylıq kirayəsinin pulunu ödəyə, evi ikinci əl əşyaları ilə doldura bilərik. Biz məlumatları Eyüp bələdiyyəsindən alırıq. Hazırda Antalyada, müəyyən bir ərazi üçün konteynerlərin alınması ilə bağlı işlər görürük. 10-15 konteyner olsa, bir şəhərcik qurub  insanları ora yerləşdirməyi düşünürük. Əsasən konteynerlərin alınması çox vacibdir. Hər kəs bacardığı qədər yardım etsə, dama-dama göl olar.  Ən bahalı ehtiyac isə endo-protezlərin alınmasıdır. Çünki onlara gələcək aylarda çox böyük ehtiyac olacaq. Zərərçəkən uşaqların təhsili var. Görüləcək işlər çoxdur.  

- Məşhurlar arasında sizinlə danışıb bu yardım kampaniyasına qoşulan oldumu? 

- 100 faiz hər kəs öz bacardığı yardımı edib. Məşhur və ya qeyri məşhur, burada sadəcə insan amili rol oynayır. Bəzi yerlərdən eşidirsən ki, yardım etmək savabdır. Bəli savabdır, amma indiki vəziyyətlə bağlılığı yoxdur. Deyə bilərəm ki,  yardım etmək hazırda vacib və əhəmiyyətlidir. Sən mütləq yardım etməlisən. Bu həm də mənəvi yardımdır. Hesab edirəm ki, dua etmək də, xoş söz demək də yardımın bir növü sayılır. Yardımın maddi və mənəvisi olmur.

Əlimizdən nə gəlirsə, yaxşı nə varsa, onu da etməyi çalışırıq. Bütün bunlar Allahın izni və dəyərli vətəndaşlarımızın sayəsində olur. Bu yardım kampaniyası səbr tələb edən işdir.  Heç bir məşhurdan yardıma qoşulmağı xahiş etməmişəm. Hamı bacardığı qədər köməkliyini edib və edir. Yəni bu yardım mənimlə etməyə məcbur deyillər. Əsas odur ki, bu yardımları etsinlər.  


- Bu günlərdə sosial şəbəkədə çox aktiv oldunuz. Paylaşdığınız videomüraciətlərinizdə ikinci əl geyimlərinin göndərilməməsi mesajını verdiniz. Lakin izləyicilər bu fikirləri xoş qarşılamadı. Bu mövzuda müqəssir kim idi? 

- Biz çalışdıq ki, maksimum dərəcədə həm yardımlarımızla, həm də maddi və mənəvi olaraq zərərçəkənlərin yanında olaq. Sosial şəbəkələrdə də insanlar durmadan paylaşımları ilə qardaş Türkiyəyə dəstək nümayiş etdirirdirlər. Biz hər zaman yardım sevən xalq olmuşuq. Bu bizim genimizdə, qanımızda var. Böyük xalqın, böyük ürəyi var. Bu isə məhz bizə aiddir. İkinci əl geyimlərinin göndərilməsi məsələsinə gəlincə isə bu mənim yox, bələdiyyənin, “Qırmızı xaç” komitəsinin fikri idi ki, onlar yardıma əlavə olunmasın. Çünki onlardan istifadə edən zərərçəkənlər çox rahat şəkildə infeksiyaya yoluxa bilərlər.

Azərbaycan xalqı yardım edəndə ürəyini qoyur. Haqlı olaraq da düşünür ki, bacardığı bu qədərdir. Yəni mən bunu bacarıram, bu yardımı etmək istəyirəm. Bu normaldır. Sadəcə orada zərərçəkənlərin yerinə özünü qoymalısan. Onlar bir saniyə içində hər şeylərini itirdilər. İzləyicilərin bu mövzu ilə bağlı yazdığı həm tənqid, həm də təhqirlərini normal qarşıladım. Yenə də deyirəm ki, ikinci əl geyim və əşyaların zəlzələ bölgələrinə göndərməmək məsələsi mənim şəxsi fikrim deyil. Sadəcə situasiyanı səsləndirdim. Yenə də bu mövzuda başa düşənlər də, düşməyənlər də sağolsunlar.


- Yaxın günlərdə Türkiyənin zəlzələ bölgəsinə getməyi planlaşdırırsınız? 

- Bəli, mart ayında Kahramanmaraşa gedəcəyəm. Əslində daha əvvəl getmək istəyirdim, sadəcə özümü bu yardımların içində gördüyümdən düşündüm ki, burada bir müddət qalsam, daha faydalı işlər görərəm. Fiziki işdən tutmuş hər bir işə hazıram. Burada heç bir pafos yoxdur. Biz bu yola çıxmışıq, inşallah hər şey yaxşı olacaq”.  


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin