23 dekabr sevilən müğənni, Xalq artisti Nazpəri Dostəliyevanın doğum günüdür. İzləyicilərimizin marağını nəsərə alıb Xalq artstindən ad günündə eksklüziv müsahibə aldıq. Həmin müsahibəni təqdim edirik:
- Nazpəri xanım, sabahınız xeyirli, ad gününüz mübarək olsun. Yəqin ki, bizdən qabaq Sizi təbrik edənlər olub?!
- Təbrik və diqqət üçün çox sağ olun. Açığı mən dəfələrlə bildirmişdim ki, ad günümü qeyd etməyəcəm. Amma sağ olsun dostları, məni və sənətimi sevənləri, dünəndən nə telefonlarım susur, nə dəki, qapının zəngi. İnanın ki, gözləmədiyim adamlardan zənglər gəlir. İnciyib-küsdüyüm insanlar belə məni axtarır. Çox təsirləndim. Çünki, oğlumun ölümündən sonra mən çox pis olmuşdum. Həyatdan küsmüşdüm. Bir daha səhnəyə qayıtmağı ağlıma belə gətirmirdim. Amma, xalqım, sənətə və sənətkara qiymət verən soydaşlarımız məni yenidən səhnəyə yox, həm də həyata qaytardı.
- Yəqin ki, məxsusi gözlədiyiniz zənglər də olub. O zənglər gəldimi?
- (gülür) Gəldi... Gözlədiyimdən də gəldi, gözləmədiklərimdən də gəldi. Çox xoşbəxt oldum. Bu qədər sevildiyimi, dəyər verildiyimi heç gözləmirdim. Sağ olun, var olun. Allah sizləri, bütün xalqımızı qorusun. Sizlərin dəstəyiniz və sevginiz sayəsində böyük dərdin altından qalxmaq üzrəyəm.
- Bir mahnıda deyilir ki, “hər yaşın öz gözəlliyi var”. Bu yaşın Sizin üçün hansı özəlliyi və gözəlliyi var?
- Gözəl hislər keçirirəm. Doğrudan da hər yaşın öz gözəlliyi var. Əgər sən sevilirsənsə, arzulanırsansa deməli yaşın heç bir fərqi yoxdur.
- Deyirlər müğənnilər bəzən həyatlarını oxuyurlar. Sizi Azərbaycana sevdirən ilk mahnılarınızdan biri “Nə olar Allahım, ayırma bizi” idi...
- (kövrəlir) Düz deyirsiniz. Mən o mahnını oxumağa başlayanda yatıb yuxumdan keçməzdi ki, həyat məni belə bir ağır ayrılıqla sınağa çəkəcək. Mən o mahnıda Allaha yalvarmışdım ki, sevənləri ayırma, ana ilə balanı ayırma. Amma dualarım eşidilmədi. Mən belə bir ayrılıq yaşamaq zorunda qaldım.
- Müğənnilər üçün Yeni il şənlikləri, çəkilişləri xüsusilə əhəmiyyətli olur. Yeni il axşamı tamaşaçılar Sizi hansı televiziyada görə bilər?
- Bütün televiziyaların Yeni il çəkilişlərində iştirak etmişəm. Yəqin ki, bütün televiziyalarda Yeni il axşamı tamaşaçılarımızla, məni sevənlərlə görüşə biləcəm.
- Bəs, bu gün üçün hansı özəl planınız var?
- Vallah, heç nə planlaşdırmamışam. Qapım hər kəsin üzünə açıqdır. Kim istəyir buyursun, gəlsin. ATV-dən deyiblər ki, “7 canlı” verilişində mənə ad günü sürprizi hazırlayıblar. Gözləyək görək, nə sürprizidir.
- Yeni il arzularınızı da eşitmək istəyərdik...
- Əvvəla, “Bizim.Media” kollektivinə minnətdarlıq edirəm ki, ad günümdə, şad günümdə mənə diqqət ayırıb. İkincisi də fürsət verib ki, çoxlarından qabaq Yeni il arzularımı bildirim...
Hər birinizi bağrıma basıram, təbrik edirəm. Qoy bir daha qara buludlar Vətənimizin, millətimizin başı üstünü almasın. Qoy, 2023-cü il xalqımıza düşərli olsun, ruzi, bolluq, əminamanlıq və sevgi gətirsin. Sağ olun, var olun, hamınızın Yeni ili mübarək!
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
15:00 / 23.12.2022
Nazpəri Dostəliyeva özəl günündə Bizim.Media-ya DANIŞDI: “Gözlədiyim zəng gəldi”
Hazırda oxunan: Nazpəri Dostəliyeva özəl günündə Bizim.Media-ya DANIŞDI: “Gözlədiyim zəng gəldi”
Hazırda oxunan: Nazpəri Dostəliyeva özəl günündə Bizim.Media-ya DANIŞDI: “Gözlədiyim zəng gəldi”
111254
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.