"Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı, Xalq artisti Fikrət Verdiyev vəfat edib.
Bizim.Media xəbər verir ki, sənətkar yaşadığı Gəncə şəhərində dünyasını dəyişib.
F.Verdiyev 1947-ci ildə Gəncədə anadan olub. Tələbə ikən Gəncə şəhər və Daşkəsən rayonu musiqi məktəblərində pedaqoji fəaliyyətə başlayıb. 1966-cı ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olub.
1969-cu ildə “Göy göl” xalq çalğı alətləri ansamblını yaradıb. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Teymurova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər bu ansamblla çıxış ediblər.
1990-cı ildə ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət Verdiyev filarmoniyanın nəzdində “Göy göl” mahnı və rəqs ansamblından başqa, notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini yaradıb.
O, dahi sənətkar Xan Şuşinskinin qızı ilə evli idi və tanınmış müğənni Bəyimxanım Cavanşirovanın atasıdır.
Allah rəhmət eləsin.
Bizim.Media