Müasir media mühitində fikrin daha qısa və lakonik, eyni zamanda aydın ifadə olunması ötən ilin yayında ADA Universitetində Medianın İnkişafı Agentliyinin təşkil etdiyi seminarlarda, əsasən də fasilələr zamanı ən çox müzakirə etdiyimiz məsələlərdən biri idi.
Təlimçilərdən biri, ADA-da “Kommunikasiya və Rəqəmsal Media” ixtisasının rəhbəri Şəfəq Mehrəliyeva iddia edirdi ki, azərbaycanlıların tviter platformasında nisbətən aşağı fəallığı məhz bu yazı üslubumuzun inkişaf etməməsi ilə bağlıdır.
Həm də “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru olan Şəfəq xanım bir müddət sonra məsələni yenidən gündəmə gətirdi - bu dəfə o, dünya ədəbiyyatında “Six word story” kimi tanınan janrdan söz açaraq, bunu azərbaycanlı gənclər arasında müsabiqə şəklində sınaqdan keçirməyi təklif etdi.
Etiraf edim ki, janrın müəllifi hesab edilən amerikalı yazıçı, jurnalist Ernest Heminquey yeniyetməlik illərimin sevimli müəlliflərindən olsa da, onun nə zamansa mərc gələrək, altı sözdən ibarət hekayə yazdığını unutmuşdum.
Qələmə aldığı “Satılıq uşaq çəkmələri, heç vaxt geyinilməyib” sətrini yaddaşımda təzələyəndə, nədənsə xəyalımda ikinci əl məhsulların üzərinə vurulan lövhəni canlandırdım. “Yəqin uzun illər övlad yolu gözləyən ana bu arzusuna qovuşa bilməyəcəyinə əmin olduqdan sonra çəkmələri mağazaya verib”, - deyə düşündüm. Əslində isə, Heminqueyin “heç vaxt geyinilməyib” sözlərindən nə qədər istəsən əhvalat “uydurmaq” olar. “Heç vaxt geyinilməyib”, ona görə ki, dünyaya gəlməyib, yaxud ayaqqabılar alınandan sonra ölüb və yaxud ayaqlarını itirib...
Nədənsə Vaqif Səmədoğlunun qələmə aldığı
“Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin...”
şeirini xatırladım.
Azərbaycan poeziyasında və nəsrində altı və hətta daha az sözlük, əhvalat janrına aid edə biləcəyimiz nümunələrin sayı çoxdur. Altı yüz, altı min, altı yüz min... sözdən ibarət, amma heç bir fikir ifadə etməyən söz yığınaqlarının sayı da həmçinin...
Müasir insan üçün vaxt hər şeydən dəyərlidir. Vaxtın dəyəri isə sözün dəyərini düz mütənasibliklə artırır - böyük bir fikri ifadə edən bir neçə söz sığdığı zaman kəsiyini daha dəyərli edir. Bu baxımdan, “müasir oxucu fikirdən daha çox, fikrin cövhərinin axtarışındadır” desək yanılmarıq.
Az sözlə çox fikir ifadə etmək, fikrin cövhərini bir neçə söz vasitəsilə oxucuya çatdırmaq üçün istedad və bacarıq tələb olunur. Burada yazıçının müşahidə qabiliyyəti, yaradıcı və tənqidi düşüncə tərzi ilə yanaşı, zəngin söz ehtiyatı da imtahana çəkilir, düşüncəsinin və hisslərinin dərinliyi ortaya çıxır.
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun Medianın İnkişafı Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə elan etdiyi “6 sözlük əhvalat” müsabiqəsinin məqsədi də az sözə çox fikir yükü sığışdırmaq bacarığını təşviq etmək, texnoloji təkamül şərtləri altında dəyişən jurnalistikada fikir yükünün çəkisinin artırılmasına nail olmaqdan ibarət idi.
Hekayələr mövzu olaraq İçərişəhər və Bakının qədim ruhunu əks etdirməli idi.
“Ədibin Evi”nin Himayəçilik Şurasının üzvü, Bakı Dövlət Universitetinin professoru Təhsin Mütəllimovun sədrliyi altında münsiflər heyətinin tərkibinə seçildiyim və bu maraqlı hadisənin kiçik bir parçası olduğuma sevindim.
“6 sözlük əhvalat” müsabiqəsinin ideyasının məhz “Ədibin Evi”ndən - görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın ocağından pərvazlanması, şübhəsiz ki, təsadüfi deyildi.
Azərbaycan ədəbiyyatında “kiçik hekayənin böyük ustası” kimi tanınan Mir Cəlal barədə tənqidçilər, söz və fikir adamlarının tarixin müxtəlif dövrlərində söylədiklərinə nəzər salsaq, onun yaradıcı yolunu altı sözə sığdırmaq cəhdimiz, yəqin ki, aşağıdakı nəticəyə gətirər:
“Sözlərdən dərin fikirlərin cövhərini çəkən adam”... Yekunlaşmış müsabiqəmiz haqda düşünəndə, “Ədibin Evi”nə ilk dəfə getdiyim günü xatırlayıram - ecazkar İçərişəhərin qədim Qala Qapılarından “Ədibin Evi”nədək, sanki illərin içərisindən keçərək uzun bir məsafə qət etdim. Daş döşənmiş yolların enişi və yoxuşu mənə geridə buraxdığım ömür kəsiyimdən söz açır, dünənimlə bu günümün kəsişən nöqtələrini düşüncələrimdə bir araya gətirirdi...
Həyatımın bir hissəsi İçərişəhərdə keçib və hər küçəsi, hər daşı mənə doğmadır. Burada hər günümün, bəlkə də heç vaxt hansısa şeirə, hekayəyə sığışdıra bilməyəcəyim xatirəsi var. Müsabiqəyə təqdim olunan əhvalatlardan birində deyildiyi kimi, “Xatirələr daş-daş üstümə yağırdı İçərişəhərin küçələrində”.
Münsiflər heyəti üzvü kimi missiyama da məhz bu müstəvidən yanaşırdım. Düşünürdüm ki, qosqoca İçərişəhəri altı sözə necə sığışdırmaq olar? Amma sən demə mümkün imiş...
Doğrusu, müsabiqəyə bu qədər böyük marağın olacağını gözləmirdim. İştirakçıların və təqdim olunan altı sözlük əhvalatların sayı gözləntilərimi xeyli üstələdi: 100-dən çox iştirakçı, 260-dan çox əhvalat... Müsibəqəyə təqdim olunan əhvalatların arasında İçərişəhərlə bağlı düşüncələrimin, nə zamansa yaşadığım və yaddaşımda iz buraxan anların izlərini görəndə xeyli təəccübləndim - İlahi, görün Bakıda mənimlə eyni hissləri yaşayan, yaxud bu hisslərin alayarımçıq obrazlarını sözə daşıya bilən nə qədər insan var imiş...
Müsabiqə təkcə mənim üçün deyil, bütövlükdə “6 sözlük əhvalat” heyətində yer alan hər kəs üçün maraqlı oldu və bunu onların üzlərindən, gözlərindən, sözlərindən oxudum.
Qiymətləndirmə hər bir münsif, o cümlədən, yazıçı, jurnalist Flora Xəlilzadə, yazıçı, jurnalist Rəşad Məcid, MEDİA-nın şöbə müdiri Natiq Məmmədli, “İçərişəhər” Muzey Mərkəzinin direktor müavini Sevil Məmmədova üçün asan olmadı.
Yekun nəticəyə həm ayrı-ayrılıqda, həm də birgə müzakirələr əsasında gəldik. Hər əhvalatın, hər sözün bətnindəki fikir yükü, obrazlar təkrar-təkrar göz önündə canlandırıldı. Əhvalatlar, sözlər, baxış bucaqları ələnərək, professor Təhsin Mütəllimovun mütəxəssis nəzarəti altında bəyaz lövhəyə süzüldü və nəhayət, bütün münsiflərin ortaq qərarı ilə qalib 10-luq müəyyənləşdi.
Lakin qalib seçilməyən işlər arasında da diqqətə layiqlilər kifayət qədər idi. İstər Qala divarlarının qoruduğu tarixi-mədəni irs barədə düşündürən
“İçərişəhər - yenilməz bir xalqın daşlaşan yaddaşı”
“Darıxdığı İçərişəhərdir, ya oradakı məsum uşaqlığı?!”
“İçərişəhərdə yaşayırdım. Zirzəmidə gizlədilmiş xəzinədən xəbərsizdim”.
və yaxud satirik qələmdən çıxan
“Diqqət! Motor! Çəkirik! BUM! "Черт Побери!"
“Şah sağ olsun, təzə "kofeşop" açılıb!”
və ya milli ruhumuzu oxşayan
“- Caz? - Hardan bildiniz? - Vaqif döngəsində itdiniz”.
“Mavi küləkli, qırmızı günəşli, yaşıl dənizli”
sevgi etirafları İçərişəhərə ünvanlanmışdı.
Əlbəttə ki, müsabiqəyə təqdim olunan əhvalatlar arasında uğurlu olmayanları da var idi.
Təəssüf ki, bəzi işləri hətta fantaziyamızı işə salsaq belə, mövzu ilə əlaqələndirə bilmədik. Ümumilikdə isə, münsiflər heyətinin diqqətini çəkən məqamlar və yekun qənaəti bu idi ki, təqdim olunan işlərdə “aforizmi xatırladan lakonizm”, “obrazlı düşünmək bacarığı”, “İçərişəhərdə müasirliklə qədimliyin vəhdətini görmək bacarığı”, “İçərişəhərimizə emosional bağlılıq və sevgi”, “bir neçə sözdən ibarət sətirlərin böyük araşdırmalara zəmin yaratması”, “tədqiqata təşviq etməsi” mövcudluğu sevindirici idi.
Bu xüsusda, müsabiqənin öz hədəfinə çatdığını söyləmək mümkündür. Narahatedici məqamlar da var idi - ədəbiyyatda, mediada və sosial şəbəkələrdə hər gün qarşılaşdığımız problemlər “6 sözlük əhvalat” müsabiqəsində də sezilirdi.
Bir çox əhvalatlarda fikrin dayazlığı, sözə, fikrə münasibətdə məsuliyyət hissinin aşınması, bədiiliyin azlığı, ifadə tərzinin bəsitliyi, Azərbaycan dilinin qrammatik qaydalarına əməl edilməməsi, bəzi müəlliflərin dilə və özünə, yaradıcılıq məhsuluna qeyri-ciddi yanaşması günümüzün məyusedici reallığıdı kimi önümüzdə idi. Amma həvəsdən düşmək, ədəbiyyatın və təbii ki, bizi biz edən dəyərlərin təbliğindən əsla vaz keçmək olmaz. Problemlərdən isə hər zaman çıxış yolu var.
“Ədibin Evi” bu çıxış yollarından birinin istiqamətini gerçəkləşdirdiyi “6 sözlük əhvalat” müsabiqəsi ilə nişan verdi.
Bu yol, elə nişan verilən istiqamətdə də davam etdirilməli, ədəbiyyatın həyatımızın, mədəniyyətimizin ayrılmaz bir parçasına çevrilməsinə zəmin yaratmalıdır.
Bu müsabiqələri “6 sözlük əhvalat” müsabiqəsinin missiyası ilə birlikdə aşağıdan yuxarı bütün təhsil müəssisələrinə daşımaq, Azərbaycan dilində mükəmməl yazmağın və danışmağın əsl azərbaycanlı və mədəni insan olmanın əsas atributlarından biri kimi qəbul edilməsinə, bu yanaşmanın hakim düşüncəyə çevrilməsinə çalışmaq lazımdır. Azərbaycan dili milli düşüncəmizin, mədəniyyətimizin ilmələrini təşkil edir. Onun bir kəlməsi - ilməsi yerində olmazsa, ilmələri də qaçacaq, qarışıq düşəcək!
Mir Cəlalın“Bir gəncin manifesti” əsərindən milli düşüncəmizə miras qalan, milli kimliyimizi ifadə edən, aforizmə çevrilən dörd sözlük fikir və xarakter fırtınasında ifadə olunduğu kimi - “İtə ataram, yada satmaram!” Dilimizə də, ədəbiyyatımıza da özümüz sahiblənməliyik. Kiçik əhvalatlara, deyimlərə böyük fikirləri sığışdıra bilməsək, böyük fikirlərin yükünü də daşıya bilməyəcəyik.
Elçin MİRZƏBƏYLİ
Yazıçı, jurnalist
“6 sözlük əhvalat” müsabiqəsinin münsiflər heyətinin üzvü
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
16:02 / 02.12.2022
Sözlərdən dərin fikirlərin cövhərini çəkmək cəhdində...
Hazırda oxunan: Sözlərdən dərin fikirlərin cövhərini çəkmək cəhdində...
Hazırda oxunan: Sözlərdən dərin fikirlərin cövhərini çəkmək cəhdində...
107521
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.