Şıxəli Qurbanovun BARELYEFİ söküləcək – Mədəniyyət Nazirliyi vaxtı AÇIQLADI

Hazırda oxunan: Şıxəli Qurbanovun BARELYEFİ söküləcək – Mədəniyyət Nazirliyi vaxtı AÇIQLADI

106701

İçərişəhərdə Şıxəli Qurbanovun barelyefinin önündə təxminən 20 yaşda iki gənc dayanıb müzakirə edir. Biri digərinə deyir ki, gör neçə ildir müstəqillik qazanmışıq, latın qrafikalı əlifbaya keçmişik, amma hələ də şəhərdə belə abidələrlə (üzəri kiril əlifbası ilə yazılmış barelyeflər nəzərdə tutulur) qarşılaşırıq. Axı niyə bunu dəyişdirmirlər? Dostu isə cavab verə bilməyib çiyinlərini çəkir... 

Bakının küçələrində gəzərkən adam öz-özünə konkret cavabı olmayan çox suallar verir. O iki yoldaşın cavab tapa bilmədiyi bu sual kimi. 

Uzun müddətdir ki, həmin yazı və barelyeflərin dəyişdirilib dəyişdirilməməsi barədə müzakirələr gedir. Bu barədə mətbuatda da bir xeyli yazılıb. Lakin problem öz həllini tapmadığına görə, hələ də aktuallığını qorumaqda davam edir. Əgər bu gün bu məsələ yaşı müstəqillik ilimizdən kiçik olan gəncləri narahat edir, düşündürürsə, deməli, bu barədə səlahiyyət sahibi olanlar da fikirləşməli, ortalığa sual dolu baxışları qane edəcək bir həll yolu qoymalıdırlar. 

Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsindən Bizim.Media-nın mövzu ilə bağlı sorğusuna verilən cavaba görə, məsələ nəzarətdədir. Gələn ildən bu istiqamətdə işlər aparılacaq: 

“Bildiyiniz kimi, bəzi abidələrin üzərindəki yazılar postamentin üzərinə həkk olunduğundan, onları dəyişdirməyəcəyik. Oyularaq həkk olunmuş yazılar abidənin bir hissəsi sayıldığından onların dəyişdirilməsi abidənin bütövlüyünə xələl gətirmiş olar. Təsviri lövhə üzərində qeyd olunmuş abidələrin lövhələri isə dəyişdiriləcək”.

Maraqlıdır ki, həmin lövhələrin yerləşdiyi binaların bir çoxu təmir edilib. Lakin bəzi lövhələr necə var, o cür də saxlanılıb, yenilənməsinə lüzum görməyiblər.
 

Eyni zamanda üzərindəki yazılar oyularaq həkk edilmiş abidələr var ki, onların yanında latın əlifbası ilə məlumat lövhəsi yerləşdirmək mümkün olduğu halda, bu da diqqətdən yayınıb. Nəticədə isə şəkillərdən göründüyü, gedən müzakirələrdən bəlli olduğu kimi mövcud mənzərə, problem yaranıb. 


Məqsədimiz tarixi yaşatmaq, xatirələri qorumaqdırsa, bunun üçün külüngü düzgün istiqamətə vurmalıyıq. Əgər bu gün qorumağa çalışdığımız tarixin, yaşatmağa can atdığımız xatirələrin önündən nəsillərin nümayəndələri, şəhərimizə gələn qonaqlar, turistlər etinasız keçirlərsə və ya suallarına cavab tapa bilmirlərsə, deməli, nəyisə düzgün etmirik. Bu tapmacanı isə tapmaq və daha həssas yanaşaraq həll etmək öhdəliyi Mədəniyyət Nazirliyinin üzərinə düşür. Gözləyək görək verdikləri vədə əməl edib təzə ildə yeni nəticə təqdim edə biləcəklər, yoxsa yox...

Aləmdə Nəsib, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin