Üzeyir Hacıbəyovun anım günüdür

Hazırda oxunan: Üzeyir Hacıbəyovun anım günüdür

105786

Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, milli operanın banisi Üzeyir Hacıbəyovun vəfat etməsindən 72 il ötür.

Bizim.Media xəbər verir ki, sənətkar 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub.

O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyov Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib.

Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynayıb. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub.

1905-1907-ci illər inqilabı ərəfəsində Rusiyadan Bakıya gəlib, Bibiheybətdə, sonra isə “Səadət” məktəbində dərs deyib. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində “Hesab məsələləri” və “Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti”ni nəşr etdirib.
1911-ci ildə Üzeyir Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya gedib, Moskva Filarmoniya Cəmiyyəti nəzdində Aleksandr İlyinskinin (1859-1920) xüsusi musiqi kursunda təhsil alıb.

Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar “İqbal” qəzetində dərc olunub.

O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazıb). Onun “Ər və arvad” (1909, ilk tamaşası: 1910), “O olmasın, bu olsun” (1910, ilk tamaşası: 1911), “Arşın mal alan” (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb.

1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Ü.Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir.
Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək, bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər ərsəyə gətirib.

O, 1948-ci ilin 23 noyabrında, 63 yaşında vəfat edib. Üzeyir Hacıbəyovun əsərləri dünya musiqi incilərindən sayılır.

Qeyd edək ki, Üzeyir Hacıbəyovun doğum günü uzun illərdir Azərbaycanda Milli Musiqi günü kimi qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin