“4 ildir bu sanatoriyaya sevgilimə görə gəlirəm” – Qocaman musiqiçinin ETİRAFI - VİDEO 

Hazırda oxunan: “4 ildir bu sanatoriyaya sevgilimə görə gəlirəm” – Qocaman musiqiçinin ETİRAFI - VİDEO 

103488

“Həyat özü bir musiqidir. Əgər sən onu doğru ifa etməyi bacarsan, o sənin sevgilinə də dönə bilər. Amma fərqi yoxdur, gec-tez öldürəcək. Ya nifrətdən, ya sevgidən, fərq eləməz, insan həyat adlı musiqini ifa etdiyi zaman sonuna gəlib çıxır. İfa edə-edə sən də bir alətə dönüşürsən, gəlib içinə dolur, çalınır və bir gün tərk edib gedir”. 

Onun ifa etdiyi Pol Morianın “Simpatiy” melodiyasını dinlədikdən sonra sualıma qarşılıq dediyi ilk sözlə bu oldu. 

Musiqini həyatının mərkəzi bilən İslam İdris oğlu Əlizadənin 73 yaşı var. Hər gün axşam saatlarında Naftalanda yerləşən “Çinar” sanatoriyasında burada dincələn insanların könlünü oxşamaqla məşğuldur. Saatlarla şirmayi dillərin üzərində barmaqlarını gəzişdirərək onlarla insanı ifasındakı musiqilərə heyran etməyi bacarır. Deyir 4 ildir bu sanatoriyada aşiq olduğum biris var:

“Açığı pula o qədər də meyilli deyiləm. Amma bu ağ royalı görürsən, bu başqa alımdır, vurulmuşam ona, düz 4 ildir ona görə bura gəlirəm. Pianom var, amma royal başqa şeydir. Düzü mən heç pianoçu da deyiləm. Tarzənəm, tar ifaçısı olmuşam, özüm də Bakıda koseravatoriyada tardan dərs almışam. Pensiyaya qədər Gəncədə musiqi məktəbində dərs verirdim. Həm də piano ustalığı edirdim.

Xatırlayırsan “Kökdən düşmüş piano” televiziya tamaşasını? Lap oradakı kimi, kökləmək işinə baxırdım. İndi də bu işlə məşğulam. Amma 2013-cü ildən Naftalana gəlib getməyə, musiqi ifa etməyə başladım. Düz, 4 il əvvəl “Çinar”da bu ağ royalı gördüm, könül verdim ona. İndi hər gün gəlib onun dillərini tumarlamaqla ruhumu sakitləşdirirəm”.

İslam müəllim deyir ki, musiqiyə könlünü uşaqlıqdan verib. Musiqi məktəbindən sonra Qəmbər Hüseynli adına musiqi texnikumunda təhsil alıb:

“Amma bununla yekunlaşmayıb, konservatoriyaya da qəbul oldum. Orada da tar üzrə təhsilimi aldım.  Xarici musiqi, ümumiyyətlə  xalq musiqisini dərindən öyrənmişəm. Ramiz Quliyev, Süleyman Əsgərov, Ramiz Mirişli, Səid Rüstəmov kimi müəllimlərdən sənət təlimi gördüm. Amma royal orkestrodur, ona sevgim tamamən başqadır".

Bu eşqdən usanmadığını deyən İslam Əlizadə nəvəsinin də musiqiyə olan marağından danışıb. Deyəsən bu, onu çox xoşbəxt edib:

"Ailəmizdə musiqiyə maraq yaxşıdır, amma məndən başqa heç kim məşğul olmayıb. Övladlarım musiqi məktəblərində təhsil alıblar amma davamına həvəs göstərmədilər, mənim kimi bağlı qalmadılar. İndi görürəm ki, nəvəm həvəs göstərir, bu da məni çox sevindirir. İstəyirəm ki, o, yaxşı musiqiçi olsun".

Sonda isə əyalət musqiçisi İslam Əlizadənin ifasında bir musiqini diqqətinizə tədim edirik:

Səkinə Yusibli, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin