“Bu şəhərdə” yumoristik, estrada teatrının üzvü, Əməkdar artist Coşqun Rəhimovun Bizim.Media-ya müsahibəsini təqdim edirik:
- Yaradıcılığınızda nə yeniliklər var?
- “ATV”də iki layihəmiz yayımlanır – “Bu Şəhərdə - 2050” və “Bu Şəhərdə - MətBəxt”. “Bu Şəhərdə - MətBəxt” standart bir mətbəx verilişidir. Tamaşaçılar tərəfindən kifayət qədər baxılır və reytinqi yüksəkdir. Amma əziyyəti çoxdur. Təbii ki, əziyyət çəkməyən, bəhrəsini görməz. Biz heç zaman heç nəyi əziyyət çəkmədən əldə etməmişik. İstər sənətdə, istərsə də şəxsi həyatımızda. Daha bir layihəmiz isə gözlənilən konsertimizdir. Üç gün yəni 5,6 və 9 noyabrda Heydər Əliyev Sarayında “Qəşş Əng” adlı konsertimiz olacaq. Şeytanın qıçını sındıraq. İnşallah yaxşı olar.
- “Qəşş Əng” adlı konsertinizdə tamaşaçıları hansı səhnəciklərlə güldürəcəksiniz?
- Verilişlərə yeni parodiyalar hazırlamışıq. Yeni obrazlar var. Konsertimizi seyr etməyə gələcək tamaşaçılar üçün çox maraqlı və gülməli səhnəciklər nümayiş edəcəyik.
- Konsertlərinizdə tez-tez müxtəlif verilişləri səhnəciklərinizlə tənqid edirsiniz. Bu tənqidlərdən nəticə çıxaranlar var?
- Biz onları parodiya vasitəsi ilə tənqid edirik ki, bir az özlərini yığışdırsınlar. Amma verilişlərdə bayağılıq artır. Getdikcə daha da pisləşməyə doğru gedir. Yaxşı bir şey yoxdur. Bilmirəm bu zamanədəndir ya nədəndir, amma özünü yığışdıran yoxdur. Əvvəl “Kirpi” satira jurnalı vardı. Kimsə hərəkətinə görə tənqid edilirdisə, o, özünü dərhal yığışdırırdı. Amma indi hər şey tərsinədir. Sanki trend halına çevrilib. İnsanlar dəyişilmək istəmirlər. Dönəm dəyişib. Mədəniyyət və incəsənət aləmində baş verənlərlə razılaşmıram. Belə baxıram ki, mənim kimi düşünənlər də azalır.
- Bir sıra sənətçilər yalnız müəyyən qonorar müqabilində verilişlərə çıxacaqlarını söylədilər. Onların bu fikirləri ilə razısınız?
- Bütün dünyada belə bir tendensiya və yanaşma var. Əgər verilişinin reytinqli olmasını istəyirsənsə və filan məşhura ehtiyacın varsa, ona qonorar verməlisən. Buna münasibətim yaxşıdır, amma Azərbaycanda yaxın zamanda bu olmayacaq. Ümumiyyətlə qonorar istəyən həmin məşhur gərək elə bir səviyyədə və zirvədə olsun ki, ona sorğu-sualsız o qonorarı versinlər.
- Onlar kimlərdir?
- Aktyorlardan Coşqun ilə Rafael (gülür), müğənnilərdən isə Xalq artisti Aygün Kazımova (adını üç dəfə təkrarladı – red.). Yalnız Aygün Kazımova.
- Bəs siz nə zamansa bu addımı atmağı düşünürsünüz?
- Televiziyalarda elə bir vəziyyət formalaşmayıb ki, onlardan qonorar istəyək. Biz çalışırıq ki, hörmətlə, izzətlə deyək ki, verilişinizə gəlməyə zamanımız yoxdur, çəkilişlərdəyik, çalışırıq, məşqlərimiz var.
- Əməkar artist Elza Seyidcahan müsahibələrin birində “Sənət aləmində bir sıra aktyorlar var ki, onlar tərbiyəmizi pozurlar”. Siz Elza xanımın bu fikirləri ilə razısınız?
- Azad və müstəqil ölkədə yaşayırıq. Yumora yanaşmanın müxtəlif növləri və formaları var. Əgər yumorda nəyisə göstərirsənsə və o insanı düşündürmürsə, o yumor deyil. O satira deyil. Amma bəzi kollektivlər var ki, qurşaqdan aşağı zarafatlar edirlər. Göstərdikləri təmaşalarda qeyri-etik sözlərdən və nalayiq ifadələrdə istifadə edirlər. Elə bir sözlər hər zaman olub. Amma o sözləri səhnəyə və televiziyaya gətirmək olmaz. Bu satiranın və yumorun kasadlığı və tükənmələridir. Əgər bu işi bacarmırsansa “tüfəngini yerə qoy, çıx get”. Başqa işlə məşğul ol. Bəlkə başqa sahədə sənin xeyrin daha çox olar.
- Bir sıra blogerlər var ki, onlar aktyorluğa meyl göstərib, serial və filmlərə çəkilirlər. Buna münasibətiniz müsbət yoxsa mənfidir?
- Baxmıram, görməmişəm, bilmirəm. Nə “Instagram”da varam, nə də ki, digər sosial şəbəkələrdə “otururam”. Bir sözlə, onlara baxıb zövqümü korlamaq istəmirəm.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
20:13 / 02.11.2022
“Bu şəhərdə”nin Coşqunu: “Onlara baxıb zövqümü korlamaq istəmirəm“ - MÜSAHİBƏ
Hazırda oxunan: “Bu şəhərdə”nin Coşqunu: “Onlara baxıb zövqümü korlamaq istəmirəm“ - MÜSAHİBƏ
Hazırda oxunan: “Bu şəhərdə”nin Coşqunu: “Onlara baxıb zövqümü korlamaq istəmirəm“ - MÜSAHİBƏ
102471
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.