Azərbaycan SSR Xalq Komissarları Sovetinin və Azərbaycan İcraiyyə Komitəsinin 8 avqust 1930-cu il qərarı ilə Quba vilayətində yaradılmış rayonlardan biri də Qonaqkənd rayonu (bugünkü Quba rayonunun dağlıq ərazisi) olmuşdur. Bu gün sahəsi 2575 kv/km olan Quba rayonunun təxminən 1500kv/km-i Qonaqkənd rayonunun ərazisidir.
Bu yerlər
etnoqrafik bir muzeyə oxşayır. Adət-ənənəsi, geyimi, xüsusi ilə dili ilə fərqlənir.
Xınalıq, Buduq, Əlik, Hapıt, Cek, Qrız kimi kəndlər təxminən iki min metrədək
yüksəklikdə yerləşir. Dəniz səviyyəsindən 1000-1500 metr yüksəklikdə türkdilli
kəndlər, ondan aşağıda ”“ Quba-Şamaxı yolu üzərində isə tat dilli kəndlər məskunlaşmışdır.
1959-cu il
dekabrın 4-də Qonaqkənd rayonu ləğv edilərək Quba rayonuna birləşdirildi. 158
min hektar torpaq sahəsinə, 50 minə yaxın əhaliyə, 52 kəndə malik rayonun ləğvi
bu ərazinin boşaldılmasına, perspektivsiz zonaya çevrilməsinə səbəb oldu. Bu ərazinin
hər bir kəndinin adına çeşnisi olan
xalçaçılığı da, arıçılığı da, qoyunçuluğu da, ümumiyyətlə hər bir sahəsi gerilədi
və ya tamamilə sıradan çıxdı. Bəzi kəndlər: Qaraqız, Qılcanlı, Bilgəh,
Qarabulaq, Yergüc, Gümür xəritədən silindi. Torpaqlar yaylaq kimi istifadə
olundu.
Qədim insan məskəni
olan Qonaqkənd rayonu ərazisində yolsuzluq şəhərli tədqiqatçıları da
qorxutduğundan respublikamızın başqa əraziləri ilə müqayisədə bu yerlər çox az
öyrənilmişdir. Zıxır kəndi yaxınlığındakı Yeddilər qalası, Söhüb qalası, Xaşı və
Yerfi qalaları, mağaralar, demək olar ki, unudulmuşdur.
Oxucuda təəssürat
yaransın deyə qeyd edək ki, Quba rayonuna təyin olunmuş başçıların çoxu bu dağ
kəndlərini tanımadan, görmədən getmişlər.
Qonaqkənd
rayonunun ləğvi Qubaya nə verdi? Qonaqkənd rayonu səhv qərar nəticəsində ləğv
edildi. Bu, Qubaya xeyir verdimi? Xeyr!
Qonaqkəndin ləğvi
şahmat dili ilə desək at gedişi idi, ikiqat zərbə idi.
Birinci zərbə
Qonaqkənd rayonu ilə Xaçmaz rayonu arasında coğrafi və tarixi baxımdan mərkəz
olan Qubanın belə vəziyyətdə Xaçmazla qonşu rayona çevrilməsi oldu. Bu zonada
açılası idarə, müəssisə və təşkilatlar, əsasən bu iki rayon arasında
bölüşdürüldü, çox vaxt üstünlük Xaçmaza verildi. Bilərək, ya da əhəmiyyət
verilmədən daim mərkəz rolunu oynayan Quba bu funksiyanı itirməyə başladı.
İkinci zərbə
Qonaqkənd rayonunun ləğvi ilə dağda yaşayan əhalinin Qonaqkənd ərazisi Quba
üçün əlavəyə, artıq bir yerə çevrildi. Odur ki, illərlə baxımsız qaldı. Heç kim
hiss eləmədən dağlara dağ çəkildi. Ərazinin boşalması Qubanın da regionda
rolunu zəiflətdi.
1968-ci ilin
qış idi. Qarxun kəndində zəlzələ olmuş, evlərin çoxu zədələnmişdi. Rayon rəhbbərliyi
əhalinin Qubaya və onun yaxın kəndlərinə köçürülməsinə göstəriş vermişdi. Bir
neçə ailə köçürülmüşdü ki, Bakıdan xəbər gəldi: kəndi ləğv etmək olmaz, əhaliyə
nə lazımdırsa kömək göstərilsin. Beləcə kənd yaşadı.
2010-cu ildə
Güləzi kəndinin bir hissəsində evlər torpaq sürüşməsindən təhlükəli vəziyyətə
düşdü. FHN köməyə gəldi. Aşağı Atuc kəndi yaxınlığında 189 ailə üçün ev tikildi
və köçürüldü. Kəndli rəsmən olmasa da pay torpağını itirdi, mal-qarasını satdı,
bir çoxu getdi fəhləlik eləməyə.
Ötən il
Qusarın 1900 metr yüksəklikdə yerləşən Qənarçay kəndini köçürmədilər. FHN kəndin
16 ailəsi üçün 16 yeni ev tikdi. Kənd əvvəlki yerindən bir az kənarda yaşadı.
Güləzi kəndi
təxminən min metr yüksəklikdə yerləşir. Məgər Güləzini də beləcə saxlamaq olmazdımı?
İndi ərazinin mərkəzi aranda, digər kəndləri dağda, rəhbərlik də qalır bu kəndlərin
arasında. Bax, buna deyirlər ikili standart.
1970-80-ci
illərdə, daha sonra müstəqillik illərində ləğv edilmiş rayonlar bərpa edildi. Qonaqkəndin
bərpası mümkünsüz oldu. Bu barədə adi işçidən tutmuş akademikəcən hamı yazdı.
Bu yerlərin təbiətinə, təsərrüfatına yaxından bələd olmuş, yaşlıların tez-tez
xatırladıqları akademik Həsən Əliyev 1981-ci ilin dekabrında “Kommunist”x9d qəzetində
“Bəzi problemlər və onların həlli yolları haqqa”x9d məqaləsində geniş elmi təhlil
apararaq Qonaqkənd rayonunun bərpa edilməsini məsləhət görürdü.
Yalnız
bugünkü səmərəni güdən, Qonaqkənd ərazisinə “perspektivsiz ərazi”x9d damğası vuran
perspektivsiz düşüncə sahibləri beləcə bir rayonun tarixini, mədəniyyətini məhv
etdilər. İstər-istəməz sual yaranır: Qonaqkənd rayonu Kəlbəcərdən, Gədəbəydən,
Laçından, Lerikdən, Yardımlıdan geri qalacaqdımı? Xeyr! Əgər Qonaqkənd ləğv
edilməsəydi, ən azı bu gün rayon mərkəzinədək asfalt yolu, qazı, bir çox ictimai
binaları, parkı, bazarı və sair olardı.
Qonaqkəndin
Xaltan, Dəhnə, Cimi istisuları var. Xaltan ərazisində istirahət mərkəzi ola biləcək
yerlər çoxdur. Qonaqkənd meşələri taxta emalı üçün yararlıdır. Vəlvələçay,
Qaraçay, Qudyalçay mənbəyini bu dağlardan alır. Aşağı kəndlər yayda su sarıdan
çox əziyyət çəkir. Bu dağların arasında su tutarları yaradıb bir çox problemləri
həll etmək olardı. Babaçay, Cimiçay qum, çınqılla zəngindir. Asfalt zavodu
olarsa, xammal üçün uzağa gedilməz.
1960-cı ildə
qonaqkəndlilər bu səhv qərara etirazlarını bildirdilər. Bununla əlaqədar
respublikanın rəhbəri Vəli Axundov Qonaqkəndə gəldi. Etiraf etdi ki, Qonaqkənd
ləğv edilməməli idi. Siyahıda ləğv edilməli rayon Cəbrayıl idi. Cəbrayıl rayon əhalisi
güclü şəkildə etirazını bildirdiyindən siyahıya Qonaqkənd salınmışdır.
Artıq gec
idi. Qonaqkəndlilər vaxtı uduzmuşdular. Vəli Axundov qonaqkəndlilərin könlünü
qoymadı, Qonaqkəndə şəhər tipli qəsəbə adı verildi.
Bu gün respublikamızın
hər yerində quruculuq işləri gedir. Hər yer öz simasını dəyişir, sanki
cavanlaşır. Mənim yetim Qonaqkəndim, sən 56 ildir ki, qocalırsan. Sənə şəhər
tipli qəsəbə deyirlər. Amma bu gün nəinki qəsəbə adına layiqsən, hətta
respublikamızın bir çox kəndlərindən geri qalırsan.
Yetimin ümid yeri Allahdır. Mənim yetim Qonaqkəndimin ümid yeri isə prezidentimiz İlham Əliyevdir. Allahın köməyi ilə, prezidentimizin qayğısı ilə Sən ayağa qalxa bilərsən!
Tahir Həsənli, Quba rayonu, Yerfi kəndi


































































































