Tanınmış şair-publisist Heydər Oğuz Moderator.az-a başına gələn bir əhvalatı hekayə edib:
Yaşadığım Qaraçuxur ərazisində yenicə tanış olduğum şair dostum var. Onunla söhbətimiz tutduğundan, demək olar ki, hər gün görüşür, biz az parkda o tərəf-bu tərəfə var-gəl etdikdən sonra önümüzə çıxan çayxanalardan birində oturub çay içirik. Əslində çay içməyimizin səbəbi heç də Allahın bu gözəl nemətinə duyduğumuz ehtiyacdan irəli gəlmir. Bizi bu çayxanalara gətirən söhbətə duyduğumuz ehtiyacdır. Şair demişkən,
“Könül nə çay istər, nə də çayxana,
Könül söhbət istər, çay bir bəhanə.”
Ölkəmizdə çay süfrəsinin ünsiyyət məkanı
olması bizi də istər-istəməz özünə cəlb edir. Biz də milli adət-ənənələrimizdən
kənara çıxa bilmir, söhbətimizi bu məkanlarda daha rahat etdiyimizi düşünürük.
Şükür Allaha ki, var-gəl etdiyimiz parkın ərtafı da çayxanalarla doludur. Bu
çayxanaların bəzilərində işsiz-gücsüz adamlar toplanıb domino, nərd oynayır, bəzilərində
isə gənclər əyləşib tovladıqları qızlarla necə eşq macəraları yaşadıqlarından
danışırlar. Ürəkbulandırıcı söz-söhbətlərin getdiyi həmin məkanlar həm də xeyli
səs-küylü olduğundan bizim uzaq gəzməyə çalışdığımız yerlərdir.
Ətrafımızda belə məkanlardan fərqlənən daha
sakit çayxanalar da var. Buralarda isə çay od qiymətinə olur. Sırf gözəl söhbət
üçün getdiyimiz belə məkanlarda cibimizi yandıran qiymətlər bizi istər-istəməz
başqa alternativlər axtarmağa vadar edir. Yaşadığımız bölgə Bakının ucqar ərazisi
sayıldığından qiymətdə münasib, səs-küydən uzaq çay evləri tapmaq da müşkül
deyil. Hətta deyərdim ki, xeyli alternativlərimiz var və bu barədə bəxtimizdən
gileylənə bilmərik.
Alternativlərimizin çoxluğu bəzən mənimlə şair
dostumun arasında fikir ayrılığına səbəb olur. Dostum hər zaman gözəl daşlardan
hörülmüş, baxdıqca göz oxşayan, qədim karvansaraylara bənzəyən bir kafedə
çaylamağa üstünlük verir. Həqiqətən də o bu seçimində xeyli haqlıdır. Dostumun
seçdiyi bu “daş çayxana” təmizliyiylə digər bahalı həmcinslərinə daş çıxartdığı
kimi, qiymətdə də domino və nərd oynanan məkanlardan fərqlənmir. Hətta bəzi
oyun yerinə çevrilən çayxanalardan belə daha ucuz xidmət göstərir. Daha konkret
desək, burada çayın qiyməti 1 manatadır və üzərində şokalad da verilmir.
Mən isə tamam başqa çayxanada oturmağımızı istəyirəm.
Ona görə yox ki, “daş çayxana”nı bəyənmirəm və yaxud seçdiyim bu məkan ondan təmiz
və ucuzdur. Əksinə, həmin çay yeri bəlkə Bakının ən pinti çayxanasıdır. Ona hətta
çayxana da demək olmaz. Sovet hökumətindən qalma dəmir vaqonun içərisinə köhnə
və müxtəlif rənglərdə keçələr düzülmüş, üzərində oturarkən az qala qırılan
plasmas masalar qoyulmuş bir yerdir mənim seçdiyim məkan. Bu da azmış kimi
haqqında danışdığım məkanda çayçı verdiyi çayla bərabər bir qotur şokalad yeməyi
də müştərinin boynuna vəzifə kimi qoyur. Dəli Domruldan qalmış “keçəndən 1,
keçməyəndən 2 axça almaq” ənənəsi əksər çayxanalarımızda forma dəyişərək “içəndən
də, içməyəndən də 2 manat almaq” şəklinə çevrildiyindən qotur şokaladı bu məkanın
müştəriləri də artıq adi hal kimi qəbul ediblər.
Bu və digər göstəricilərinə görə “daş
çayxanaya” uduzan bu məkanda çay içməyə üstünlük verməyimin yeganə bir səbəbi
var-çayçının kasıb olması. Biz onsuz da çayı susadığımızdan yox, söhbət üçün bəhanə
olsun deyə içdiyimizdən xeyrimizi kasıba verməyi düşünürəm. Dostum isə buradakı
xidmətdən narazı olduğundan məni “daş çayxana”ya çəkir. Müxtəlif bəhanələr
tapıb əksər zamanlar mən dostuma qalib gəlirəm.
Bu gün də o cür fırıldaqla qələbə çaldığım
günlərdəndi. Bəhanəmin əsassız olduğunu düşünsə də dostumu üstündən bit-birə
tökülən həmin çayxanaya apardım. Çayçı bizi gülər üzlə qarşılayıb vaqonun
küncündə düzəltdiyi xüsusi “kabinet”də oturmağımızı xahiş etdi. İki arıq adamın
zorla yerləşəcəyi bu “kabinet”ə özümüzü güc-bəlayla yerləşdirdik. Yerimiz xeyli
narahat olsa da çayçının bizi ən yaxşı hesab etdiyi guşədə oturtmasıyla təsəlli
tapdıq. Az sonra gənc bir ofisant sifariş verdiyimiz çayı gətirdi. Çaydanın
yanında bir “snikers” şokaladı, bir də dörd hissəyə ayrılmış şüşə qabın içərisində
qoz ləpəsi, fındıq, kişmiş və fısdıq vardı. Ofisanta çərəz sifariş vermədiyimizi
bildirdik. O da bunun çayçı tərəfindən bizə göndərildiyini dedi. Yəqin, daimi
müştərisi olduğumuzu nəzərə alan çayçının bizim bu vəfadarlığımızı təqdir
etdiyini göstərmək üçün bu zəhmətə qatıldığını düşündüm. Ürəyimdə “ax, kasıb, sənin
nə qədər böyük qəlbin varmış?”-deyə-deyə onu bu məsrəfə salmaq istəmədiyimdən
israrla ofisanta çərəzi götürməsini xahiş etdim. Ofisant da eyni israrla “yox,
götürə bilmərəm, bunu patron göndərib”-dedi.
İkimizin qarşlıqlı israrını görüb dostum üzünü
mənə tutaraq dilləndi:
-Qardaş, niyə israr edirsən? Məni zorla bura çəkib
gətirdiyinə görə patron sənə sövqat göndərib. Xidmətinin əvəzidir, qəbul et.
Ofisant anlamasa da mən dostumun hansı telə
vurduğunu başa düşürdüm. O, bütün alicənablığa baxmayaraq bu çayxanada oturmaq
istəmirdi. Yarıkönül, sırf mənim xətrimə bu pinti yerdə oturmağa məcbur
olmuşdu. Dik oturuşundan hiss edirdim ki, bu məkandakı ortam onu əsla qane etməmişdi.
Sanki tikan üstündə oturmuş kimi idi. İnsafən haqsız da deyildi. “Kabinet”in
darısqallığı və havasının boğuculuğu məni də narahat edirdi. Mən isə məqsədimizin
söhbətləşmək olduğunu düşünür və “kiçik detallara” əhəmiyyət verməməyə
çalışırdım.
Amma nə yazıq ki, dostumla söhbətimiz də
alınmırdı. “Kabinetin” cansıxıcılığı onun hövsələsini bir tikə etmişdi. Mən də
müsahibimin bu neqativ əhval-ruhiyyəsinin təsirinə düşmüşdüm. Bəlkə iyrəndiyindən
çayı belə könülsüz içir, çərəzə isə ümumiyyətlə əl vurmurdu. Doğrusunu desəm, mən
də o çərəzi yemək istəmirdim. Bir tərəfdən həqiqətən bulunduğumuz ortamın
pintiliyi, digər tərəfdən dostumu zorla bəyənmədiyi yerə gətirməyimin üzüntüsü,
bir başqa tərəfdən isə bizə iltifat göstərən kasıba zərər vurmamaq duyğusu məni
çərəz qabına əl uzatmaqdan çəkindirdi.
Nə başınızı ağrıdım, bu günkü çay ziyafətimiz
suya düşmüşdü. Yarımsaatlıq “xala, xətrin qalmasın” çay qonaqlığından sonra
ayağa qalxdıq. Ofisantı çağırıb ona 5 manat pul verdim. O da pulu alaraq
vaqonun arakəsməylə ayrılmış mətbəxə getdi. Mən isə dayanıb pulun qalığını gətirməsini
gözlədim. Hesabıma görə, o mənə 3 manat pul qaytarmalıydı. Çünki hesabımızın
bir çay, bir qotur şokalad olduğunu düşünürdüm. Xeyli gözlədikdən sonra vaqonun
mətbəxindən çayçının özü çıxdı. Bizə yaxınlaşıb nəyi gözlədiyimizi soruşdu.
Anladıq ki, çayçı özünün sovqatını da hesaba qatıbmış.
-Heç, televizora baxırıq-deyib vaqondan
ayrıldıq.
Dostumun keyfi açılmışdı. Yəqin ki ürəyində mənə
“al, bu da sənə geniş kasıb ürəyi”-deyib rişxənd edirdi. Birdən yadıma atamın
bir sözü düşdü. O, deyirdi ki, elə kasıblar var, onlar acgözlüklərindən ac qalırlar.
Rəhmətliyə haqq qazandıraraq bir də həmin pinti vaqonda çay içməməyə qərar
verdim...
































































































