Bu gün Cənubi və Şimali Amerika, Avstraliya ərazisində və şərqi Asiyanın bəzi bölgələrində tam Ay tutulması müşahidə edilib. Ay tutulmasını Sakit okean sahillərində yaşayanlar və Rusiyanın Uzaq Şərq bölgəsinin sakinləri də görə biliblər.
ANS PRESS-in məlumatına görə, Ayın tam tutulmasını NASA televiziyası canlı yayımlayıb. Ay tutulması Bakı vaxtı ilə saat 13:00-da başlayıb və saat 15:25-də tam fazasına çatıb. Bu tutulma zamanı Yer kürəsinin kölgəsi Ay səthini tamamilə tutub. Bu proses zamanı planetimizin təbii peyki olan Ay qırmızı və ya narıncı rəngə boyanıb. Bu, Yer səthindən dolayısı ilə keçən Günəş şüaları sayəsində baş verib. Məhz buna görə də bu təbiət hadisəsini "Qanlı Ay" adlandırırlar.
Bu gün müşahidə edilən tam Ay tutulması 2014-cü il ərzində ikinci Ay tutulması olub. Yaxın dövr ərzində növbəti tam Ay tutulmasının 2015-ci il aprelin 4-də baş verəcəyi gözlənilir.
































































































