“Bir neçə gün bundan əvvəl, Bərdə rayonunda 4 nəfər tərəfindən cinsi zorakılığa məruz qalan 14 yaşlı qızın məsələsi ölkə gündəminə oturmuşdu. Bu gün sosial şəbəkədə oxudum ki, ailənin vəkili Ruhəngiz Quliyeva açıqlama verib. Qızın kiçik bacısı ona zəng edərək ağlayıb. Kənddə qalmaq və orada məktəbə getmək istəmədiyini deyib. Səbəb isə kənddəki bəzi insanlar tərəfindən linç edilmələri və yuxarıdan aşağı baxmalarıdır. Hətta təcavüzə məruz qalan qıza ölüm arzulayırlar”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
Sənətçi cinsi zorakılığa məruz qalan azyaşlının gələcək taleyindən narahatlıq keçirdiyini bildirib.
“İndi qıza ölüm arzulayan və onun ailəsini cəmiyyətdən kənarlaşdırmaq istəyən ağzıgöyçəklərə sual verirəm. Sizin ailənizdə, nəslinizdə qız uşağı böyümür? Nə bilirsiniz ki, gələcəkdə başlarına hansısa şərəfsiz tərəfindən bu hadisə gətirilməyəcək? Hansı oğlanın, kişinin alnında pedofil, manyak olduğu yazılıb? Həmin qız ömrü boyu unuda bilməyəcəyi travma yaşayıb. Bir tərəfdən də sizin aşağılayıcı gözləriniz, sözləriniz ilə mübarizə apara biləcək gücdə deyil...
Həmin kəndin sakinlərindən xahiş edirəm ki, qıza mənəvi dəstək olaraq, həyata adaptasiya etsinlər. Cəmiyyət olaraq, yıxılanın yanında olmalıyıq".
M.Xanlarova 33 il əvvəl özünün rol aldığı filmdən qısa fraqment paylaşaraq, hər zaman cəmiyyətdə qadınlara qarşı cinsi zorakılığın olduğunu vurğulayıb.
"Bu epizod isə 1989-cu ildə oynadığım “Sahilsiz Gecə” filmindədir. Filimin üzərindən illər keçsə də, cəmiyyətdə haqqsızlığa məruz qalan qadına qarşı münasibət dəyişlməyib”.
Rəşad Əliyev, Bizim.Media