"Qadınlar bağışlamağı bacarmalıdırlar. Kişi istədiyinə çatır, sonranı düşünmür. Kişini bağışlamaq olar: yaxşı kişidirsə, ailəsinə sadiqdirsə, baxırsa... Üç-dörd dəqiqəlik bir xətadır edib".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "MTV maqazin" verilişinə müsahibəsində deyib.
Xəyanətdən söz açan sənətçi bu mövzuda kişiləri müdafiə etsə də ailə dağıdan qadınlara "dişinin dibindən çıxanı" söyləyib.
"Ailəni dağıtdın, kişi gedib ikinci dəfə evlənəcək, ay yazıq qadın, sən nə edəcəksən? Gedib boşanacaqsan, uşaqla qalacaqsan evin bir küçündə. Bəlkə ərə gedəcəksən, o da bilinmir, uşaqla kimdir səni alan? Ya da aliment alacaqsan, oturacaqsan evdə tək. Hər şey bir kağızın üstündədir. Boşandın, bitdi. Nə oldu? Sevirsənsə, qəbul edib oturacaqsan".
K.Abbasov boşanan cütlüklərin əksəriyyətinin sonradan peşmançılıq çəkdiklərini dilə gətirib.
"Boşananların 99 faizi peşmandır. Oturur evdə, ailə yox, bir uşaq, ərə gedə bilmir, saxlayanı yoxdur, dincələ bilmir. Nə xanım kimi xanımdır, nə nökər kimi nökərdir. Ər yoxdursa, işləməlidir. Bütün yük qadının üstündədir. Bağışla, yola ver, getsin, buna görə ailə dağıdarlar?".
Bu mövzuda özünü misal çəkən Kərim Abbasov xəyanət edəcəyi təqdirdə həyat yoldaşı onu bağışlamayacağını və ailəsinin dağılacağını söyləyib.
"Mən də nəsə etsəm, evdə bilsələr, ailəm həmən dağılar. Yol vermərəm, onu yola gətirə bilərəm. Amma bir dəfə, ikinci dəfə etsəm, deyəcək "Yeri get".
Qeyd edək ki, Kərim Abbasov iki dəfə evli olub. Müğənni illər əvvəl prodüsser Təranə Səmədova ilə ailə qursa da, onlar daha sonra qalmaqallı şəkildə boşanıblar. Daha sonra Kərim Təranə adlı bir xanımla evlənib. Onların bu nikahdan Yusif adlı bir oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media