"Həyat eşqim çoxalıb. Əhval-ruhiyyəm yaxşı olanda, üzümə yansıyır. Bəzən deyirlər ki, Tünzalə dünən yaxşı idin, amma gözlərin qəmli idi. O qəm yaradıcı insanda olmalıdır. Yoxsa sən musiqi bəstələyə bilməzsən. Qəmin də müəyyən dozası olmalıdır. Yəqin ki, mən yeni gəncliyimi yaşayıram. İkinci bahar var, mən də özümdən əlavə edirəm - "ikinci gənclik". Anladığımız gənclik 35 yaşa qədərdir. Amma mən 45 yaşımdan sonra yeni gənclik dövrünü yaşayıram".
Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Xalq artisti Tünzalə Ağayeva deyib.
İmici 180 dərəcə dəyişən, fərqli və dəbdəbəli geyimləri ilə "göz dağı" verən sənətçi dəb mövzusunda tək özünə güvənmir, eyni zamanda peşəkar stilist və dizayner dostlarına müraciət etdiyini açıqlayıb.
"Geyimlərlə bağlı mənə stilist Anar Ağakişiyev, dizayner Zümrüd Mirzəliyeva kömək edir. Onların müəyyən tövsiyələri ilə özümə Dubaydan yeni geyimlər alıram. Bir də ki, insanın özünün daxili zövqü olmalıdır. Əsas da özünü tanımalısan. Qadınlarımıza tövsiyə edirəm ki, ilk növbədə özünüzü müsbətiniz və mənfinizlə tanıyın. Deyirlər ki, çirkin qadın yoxdur, tənbəl qadın var".
"İnsanı inam və iman ayaqda saxlayır" - deyən Xalq artisti mənəvi gücünü tanrıdan aldığını bildirib.
"İlahi qüvvəyə inanmasan, haradan ümid alarsan? Tərəzi bürcüyəm. Hər zaman qanadlı olmalıyam. Mənim “mənəviyyat qanadlarım” balaca deyil. Yəqin məhz buna görə mahnı yazıram".
Həftələr əvvəl "Şourum" maqazin verilişində həmkarı Türkan Vəlizadənin ifası ilə bağlı səsləndirdiyi "Belə ifalar faciədir. Mən belə mahnıları başa düşə bilmirəm. Mahnı məni şillə kimi üzümdən vurdu" - sözlərindən sonra qarşı tərəfin səsləndirdiyi "Eyni səhnəni bölüşürük" deməsinə, Xalq artisti belə reaksiya bildirib.
"Öz üzərində işləməlidir. Səhvlər var ki, insanı ağıllı edir. Səhvlər də var ki, insanı böyüdür. Yıxılmasan, qalxmazsan. Faciə yıxılmaq deyil. Əsl faciə yıxılıb elə orada da qalmağındır. Deyilən söz mənə bəhs edir. Hansısa deyilən sözdən, tənqiddən öz payımı götürmüşəm. Çünki valideynlərim məni belə böyüdüb. Tənqid eşidən qulaqlarım var. Təbii ki, söhbət sağlam tənqiddən gedir. Sosial şəbəkədə yazılan xoşagəlməz tənqiddən yox. Adam var ki, onu tənqid edirsən, deyirsən ki səhvsən, yalandan başını bulayır ki, hə, fikrinlə razıyam. Amma sonradan görürsən ki, hərəkətlərində yenə də səhvə yol verir.
Biz sözlə, öz bildiyini edir. Hamıya arzu edirəm ki, səhvdən dərs və nəticə çıxarsın. Keçmişə bağlı qalmasın. Sabahı özü üçün qaranlığa çevirməsin. Mən səhvi böyük bir hikmət bilirəm. Səhv böyümək, düşünmək üçün lazımdır”.
T.Ağayeva gözünün ağı-qarası tək qızı Fidandan da söz açıb.
"Fidan bakalavr pilləsini Türkiyədə bitirib. Qızım Türkiyədə qalıb, orada işləməyi düşünür. Çünki mən də, qızım da peşəmizi həm təhsil, həm də praktika baxımından Türkiyədə davam etmək istəyirik. O ki, qaldı yay tətilinə, avqusta qədər "Məhərrəmlik" ayında qızımı və anamı götürüb buralardan uzaqlaşacağam. Dağ-dərə regionuna, dəniz tərəflərə gedəcəm, tətilimin bir hissəsini Türkiyədə keçirəcəyəm. İki gündən sonra yenə Dubaya səfərim var. Amma hələ ki səfərimin məqsədi haqda əvvəlcədən məlumat vermək istəmirəm. Lakin yaxın zamanda bununla bağlı mətbuata açıqlama verəcəyəm".
T.Ağayeva da "qonşudan qalma geri" prinsipinə əməl edib, səhnə fəaliyyətinin 20 illiyilə əlaqədar ölkənin əsas səhnəsində konsert verəcəyini açıqlayıb.
"Keçən il səhnə fəalliyətimin 20 yaşı oldu. İllər əvvəl oxuduğum və xalqa məni sevdirən "Sevdi can" mahnısının bu zamana kimi klipi olmayıb. Məhz bu mahnını ekranlaşdıracağam. Tam yeni aranjimanda, dinləyiciləri əyləndirəcək, eyni zamanda nostalji hisslər yaşadacaq. Bu mahnıya qulaq asan yenidən uşaqlıq illərinə qayıdacaq. Bu mahnı ilk giriş olacaq, 20 illik "promo"mu başlayacağam. Təbii ki, bu "promo"nun içində solo konsert olacaq. Düşünürəm ki, Heydər Əliyev sarayımda bu konsertimi gerçəkləşdirəcəyəm. Bu sənətə məhz bu sarayda ilk qədəmlərimi qoymuşam".
Rəşad Əliyev, Bizim.Media