"Mən söz vermişəm ağlamayacağam, möhkəm olacam. Bu möhkəmliyi əlbəttə ki, hər ana bacarmaz, qeyri-mümkündür. Allahımdan səbr diləyib, güclü olmağa çalışacağam".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial proqramda deyib.
Oğlunun vaxtsız vəfatından sarsılan sənətkar efirlərə qayıdacağını və yeni mahnılarla tamaşaçıların hüzuruna gələcəyini söyləyib.
"Bu xalqın sevgisi məni dağ kimi uca zirvələrdə saxlayıb. O sevgiyə haqsızlıq olardı səhnəyə çıxmamağım, yenidən efirlərə gəlməməyim. Qadın nə zaman güclü olur? Qadının həyatında çilələr çox olduqca. Qadın yaşadığı müddətdə çox acı çəkdikcə daha güclü və möhkəm olur. İstəyirəm bu sevgiyə sevgimi qatım. Bu xalqa gözəl musiqilərimi ərmağan edim. Yeni mahnılarla sizi kədərləndirməyə deyil, sevindirməyə söz vermişəm".
Qeyd edək ki, N. Dostəliyevanın böyük oğlu Əli Quliyev 41 yaşında ürək çatışmazlığından vəfat edib.
Rəşad Əliyev, Bizim.Media