"Əvvəllər çox əsəbləşirdim. Hökmən mən deyən kimi olmalıdır. Sonra bir anlıq fikirləşdim ki, mən niyə özümdən çıxıram? Hərə bu həyatı bir cür yaşayır. O, belə yaşayır həyatı, onun dostluğu budur. Anladım ki, hamını özüm kimi edə bilmərəm".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Xəbər-ətər" səhər şousunda qonaq olarkən deyib.
Sənətçi əsl dostluğun özünəməxsus şəkildə izahını belə verib.
"Dostluğu başqa cür edirəm. Dostluğu "ölümünə" qədər edirəm. Dostumun dar günündə mütləq yanında olmalıyam. Çörəyi yoxdursa, çörək, pulu yoxdursa, pul verməliyəm. Əziyyət çəkirsə, yanında olmalıyam".
"Ağzı dostluqdan yanan" Ağayev bəzi dostlarından və dostluqlardan yanıldığını açıqlayıb.
"Elə insanlar var ki, onlar dostluğa "barmaq arası" baxır. Onların yerinə çox utandım ki, axı biz süfrələr açmışıq, tonlarla çörək yemişik. Manaf mənim ağsaqqalımdır, Manaf mənim böyük qardaşımdır, Manafdan yoxdur. Orada nə var idi ki? (həbs olunmasını red.) Hələ başqa bir şey olsa, sən mənim arxamca gələnsən, çörək verənsən?
Bütün bu məsələri görüb anladım ki, o mənəm. Beş barmağımız var, hərəsi də bir boyda, ölçüdədir. Hərə bir cür dostluğu yaşayır. Sonra incimədim. Başa düşdüm ki, sən də biraz özünə gəl".
Qeyd edək ki, M.Ağayev fevralın 17-si bahalı avtomobillə xüsusi icazə olmadan işğaldan azad olunan Füzuli şəhərinə gedib. Həmin səfəri isə müğənni lentə alaraq sosial media hesabında paylaşıb. Daha sonra onların barələrində tərtib edilən protokollar məhkəməyə göndərilib.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə Manaf Ağayevə 15 sutka həbs olunub.
Rəşad Əliyev, Bizim.Media