Artıq bir neçə ildir ki, rusiyalı aktyor Kirill Safonov İsraildə yaşayır. Lakin regiondakı gərgin geosiyasi vəziyyət səbəbindən ölkədə təhlükəsizlik vəziyyəti kəskinləşib. Hazırda aktyor İsraildə oğlu Leon ilə birlikdədir.
Bizim.Media xəbər verir ki, məlumata görə, ölkədə raket təhlükəsi səbəbindən 52 yaşlı Safonov çox vaxtını evdə keçirməyə məcbur qalır və hava hücumu siqnalları səslənəndə bomba sığınacaqlara qaçır. Onun oğlu isə hələlik məktəbə getmir. Bu barədə aktyor şəxsi bloqunda yazıb.
Safonov bildirib ki, əvvəllər səhərləri sadə bir rutinlə başlayırdı:
“Uşağı məktəbə aparırdım, sonra dənizə gedib beton parapetin kənarında oturur, bir fincan qəhvə içə-içə sizə məktub yazırdım. Heç bir qəhrəmanlıq yox idi. Dəniz, qəhvə və bir neçə fikir”.
Lakin son hadisələr bu gündəlik həyatı dəyişib.
“İndi artıq dənizə getmirəm. Mesajları daha az yazıram. Dənizə baxış yerini Telegram-da xəbərlərə baxmaq əvəz edib. İnsan yeni mənzərəyə tez öyrəşir, hətta istəməsə də”, – deyə o qeyd edib.
Aktyor əlavə edib ki, bu şəraitdə ona israil yumoru kömək edir: qısa, quru və illüziyasız bir yumor.
Safonov deyib ki, artıq yeni reallıqla barışıb və İsraili tərk etməyi düşünmür.
“Baxın, məsələn, belə bir sayt var ki, duş qəbul etməyin nə qədər təhlükəsiz olduğunu faizlə göstərir. Fəlsəfə deyil, məişət sualıdır: indi çimək, yoxsa gözləmək. İnsan rəqəmə baxır və qərar verir”, – deyə o bildirib.
Bu arada Safonovun həyat yoldaşı, “Fabrika” qrupunun keçmiş solisti Saşa Saveleva hazırda Rusiyada qalır. O, sosial şəbəkələrdə istirahət fotolarını paylaşır və görünür həyatından zövq alır.
Saveleva yaxın günlərdə yazın gəlişi ilə bağlı paylaşım edərək münasibətlər və həyat barədə düşüncələrini bölüşüb.
“Biz çox vaxt hamıya uyğun olmaq istəyirik – münasibətlərdə, ailədə, hətta bloqda belə. Amma yaz kimi olun. O heç kimə izahat vermir, kiminsə onu bəyənməsini gözləmir”, – deyə o yazıb.
Safonovun izləyicilərinin çoxu aktyoru dəstəkləyərək çətin dövrün uzun sürməyəcəyinə ümid etdiklərini bildiriblər.


Bizim.Media





























































































