TikTok platformasında “Çağlaca” ləqəbi ilə tanınan sosial media fenomeninin son canlı yayımı Türkiyə gündəmində rezonans doğurub. Fenomen yayım zamanı oğlu ilə bağlı ciddi problemlər yaşadığını bildirərək artıq bu vəziyyətin öhdəsindən gələ bilmədiyini deyib və uşağın dövlət himayəsinə götürülməsini istədiyini açıqlayıb.
Emosional və gərgin halda görünən qadın “Daha bacarmıram, dövlət gəlib sahib çıxsın” sözləri ilə diqqət çəkib. Onun bu açıqlaması minlərlə izləyici tərəfindən canlı izlənilib və qısa müddətdə digər sosial şəbəkə platformalarında da yayılıb.
Bizim.Media xəbər verir ki, hadisə bununla da bitməyib.
Canlı yayım zamanı kadra düşən və qadının yanında olduğu görünən bir kişi sərt reaksiya göstərərək onun şəxsi məsələləri ictimaiyyətlə bölüşməsinə etiraz edib. Həmin şəxs yüksək səslə narazılığını ifadə edərək, bu mövzuların sosial mediada deyil, şəxsi şəkildə müzakirə olunmalı olduğunu bildirib. Gərgin anlar izləyicilərin gözü qarşısında yaşanıb və görüntülər daha sonra müxtəlif səhifələrdə paylaşılaraq geniş müzakirələrə səbəb olub.
Videolar yayıldıqdan sonra sosial media istifadəçiləri arasında fikir ayrılığı yaranıb. İstifadəçilərin böyük hissəsi ananın bu addımını tənqid edərək uşağın maraqlarının hər şeydən üstün tutulmalı olduğunu vurğulayıb.
Digər bir qrup isə qadının psixoloji və sosial dəstəyə ehtiyacı ola biləcəyini qeyd edib və məsələyə daha həssas yanaşma göstərilməsinin vacibliyini bildirib.
Hazırda uşağın gələcək taleyi və aidiyyəti qurumların məsələyə münasibəti ilə bağlı rəsmi açıqlama verilməyib. Hadisə sosial şəbəkələrdə geniş müzakirə olunmaqda davam edir. (Mənbə: demokrat.az)
Bizim.Media




























































































