Türkiyədə narkotik istintaqı çərçivəsində saxlanılan və saç nümunəsi üzrə test nəticələri pozitiv çıxan müğənni Aleyna Tilkinin vəkili Adəm Uğur Kızıldere mediada yayılan xəbərlərlə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, Kızıldere müvəkkilinin narkotik istifadə etməsi iddialarına etiraz edib:
“Müvəkkilimdən götürülmüş qan nümunəsində heç bir narkotik və ya kimyəvi maddə aşkar edilməyib.
Onun saç nümunəsində aşkarlandığı bildirilən maddə kimyəvi maddə deyil, tüstü ilə əlaqəli bir maddədir. Müvəkkilim bu yaxınlarda bu maddənin sərbəst şəkildə istehlak edildiyi bir ölkəyə səfər etdiyini nəzərə alsaq, onun ictimai yerdə inhalyasiya yolu ilə və saç təması ilə passiv şəkildə bu maddəyə məruz qaldığına inanırıq".
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində saxlanılan müğənni Aleyna Tilki ifadəsi alındıqdan sonra Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib.
Tilkinin saç və qan nümunələri götürüldükdən sonra sərbəst buraxılıb.
Hesabatda Tilkinin qan nümunəsində qadağan olunmuş maddələrin tapılmadığı, lakin saç nümunəsində marixuana ilə əlaqəli izlərin aşkar edildiyi bildirilib.
Xatırladaq ki, ötən il dekabrın 18-də polisin keçirdiyi əməliyyat çərçivəsində Türkiyədə müğənni Aleyna Tilki ilə yanaşı bir sıra məşhurlar da saxlanılmışdı.
Bizim.Media































































































