Alman supermodel və televiziya aparıcısı Heidi Klum növbəti dəfə qırmızı xalıda diqqətləri üzərinə çəkib. Həmişə özünəməxsus üslubu və parlaq görünüşü ilə seçilən ulduz bu dəfə də əyləncə kateqoriyasında təqdim olunan nüfuzlu Bambi mükafatının təqdimetmə mərasimində xüsusi libası ilə fərqlənib.
Bizim.Media xəbər verir ki, mükafatı almaq üçün Almaniyaya gələn Klumun müxtəlifliyə və inklüzivliyə verdiyi töhfə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Təşkilat onun “uğur və insanlığın bir-birini istisna etmədiyini göstərdiyini” qeyd edib.
Münhendə keçirilən mərasimdə Heidi Klum optik illüziya effektli, heykəltəraşlıq formalarında hazırlanmış qara libasla qırmızı xalçada yer alıb. Elie Saabın 2025-ci il payız/qış kolleksiyasına aid olan paltar teksturalı parçaları, çəhrayı çiçək aplikasiyaları və həcmli uzun ətəyi ilə diqqət çəkib.
Ulduz saçlarını açıq formada saxlamaqla sadə, lakin eleqant görünüş əldə edib. Dumanlı göz makiyajı və parıldadıcı dodaq makiyajı onun obrazını tamamlayıb.
“Bəli, mənim 50 yaşım var, amma ölümdən hələ çox uzağam. Parlaq və cəsarətli olmağı sevirəm. Bəlkə bu, bir gün dəyişər, amma qərarı yenə də özüm verəcəyəm”, – deyə Heidi Klum müsahibəsində bildirib.


Surxay Atakişiyev, Bizim.Media






























































































