Hansı müğənnilərin VERGİ BORCU var? – “Fazil Məmmədovun mənə 502 manat borcu qalıb” - SORĞU

Hazırda oxunan: Hansı müğənnilərin VERGİ BORCU var? – “Fazil Məmmədovun mənə 502 manat borcu qalıb” - SORĞU

50057

Xəbər verildiyi kimi 6 min manata yaxın vergi borcu olan "Rast" qrupunun yaradıcısı və rəhbəri, Əməkdar artist Rəşad Haşımovun ölkədən çıxışına qadağa qoyulub. 

Zaman-zaman rəsmi qurum tərəfindən ictimaiyyətə Azərbaycanın məşhur müğənnilərinin vergi borcları ilə bağlı siyahı təqdim olunub. Hətta vaxtilə Vergilər Nazirliyi bir qrup müğənnini vergi borclarını ödəmədiyi üçün cərimələyib. Siyahıda Brilliant Dadaşova, Abbas Bağırov, Mətanət İsgəndərli, Rəqsanə İsmayılova, Gülyanaq Məmmədova, Xəyyam Nisanov, Səidə Sultan, Elza Seyidcahan, Zamiq Hüseynov, Yaşar Cəlilov və digərlərinin adları var.

Artıq 5 ilə yaxındır ki, şou-biznes nümayəndələrinin vergi borcları ilə bağlı məlumat verilmir. Pandemiya başlayandan sonra vergi borcu ilə məsələ arxa plana keçib.  

Məsələ ilə bağlı Bizim.Media müğənnilər arasında sorğu keçirib:

Müğənni Nazpəri Dostəliyeva saytımıza açıqlamasında vergi borcu ilə bağlı probleminin olmadığını deyib:

“Mən hər rüb vaxtı-vaxtında vergi borcunu ödəmişəm. Amma COVİD başlayandan vergi məsələsi ilə maraqlanmamışam. Mənə də hər hansı məlumat gəlməyib”.


Əməkdar artisti Cavanşir Məmmədovun sözlərinə görə onun deyil, dövlətin ona vergi borcu yaranıb:

“Mənim vergi borcum yoxdu. 15 il əvvəl dövlətin mənə 502 manat 2 qəpik borcu yaranmışdı. Yəni Fazil Məmmədov nazir işlədiyi dövrlərdən qalan borcdur. Məhkəməyə verdim və ödənildi. Pulu isə gedib çıxarmadım. Bəlkə artıq o pul balansdan silinib. Çünki onu 5 ildən sonra silirlər.  Amma məhkəmənin qərarı məndə qalır”. 


Sevilən müğənni Sevda Yəhyayeva vergi borcu olmadığını və vaxtında ödədiyini deyib:

“Vergi sarıdan problem yoxdur”. 


Röya Ayxanın köməkçisi Vüsal Rzayev isə müğənninin vergini vaxtında ödədiyini bildirib:

“Vergilər Nazirliyinin siyahısında rüblük və illik açıqlanan hesabatların heç birində Röya Ayxanın adı olmayıb. Ümumiyyətlə müğənni Azərbaycanın şou-biznes əhli arasında yeganə sənətçidir ki, özünün və işçilərinin vergisini vaxtında ödəyir”.


Müğənni Afət Fərmanqızının da vergi borcu yoxdur. Sənətçi qeyd edib ki, pandemiya vaxtı, yəni 2 ilə yaxın toy olmadığı üçün VÖEN-ni dondurub:

“Toylar başlayandan sonra isə birbaşa VÖEN işə düşdü və 3 aydan bir vergi ödənilir. Mən bir qayda olaraq Məhərrəmlik ayında da VÖEN-i dondururam”.


Meyxanaçı Namiq Qaraçuxurlu vergi ilə bağlı hər hansı probleminin olmadığını vurğulayıb:

“Ayrıca mühasibimiz var və o bütün qeydləri aparır. Heç bir borc yoxdur və olmayıb”.


Məsələ ilə bağlı rəsmi məlumat almaq isə mümkün olmadı.

Mövzunu diqqətdə saxlayacağıq.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin