Fəxri ad məsələsi illərdir ki, müzakirə olunur. Bəzi tanınmış ictimaiyyət nümayəndələri fəxri adlardan “Sovet iyi gəldiyini”, onların ləğv olunmasının vaxtı çatdığını bildirir.
Millət vəkili Fazil Mustafa da fəxri adların ləğv olunmasını dəstəkləyir və titul dalınca qaçmağın xəstəlik, yanlış bir yanaşma olduğunu hesab edir.
Orden və medalın heç bir məna daşımadığını vurğulayan deputat insanlara dəyərin məhz bu titullarla verilməsini doğru addım saymır. Paralel olaraq mətbuatda, sosial şəbəkələrdə bəzilərinin fəxri ad almaması ilə bağlı şikayət və gileyləri bitmək bilmir.
Fəxri ad ləğv olunmalıdırmı?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan müğənni Əli Mirəliyev fəxri adların verilməsinin əleyhinə çıxaraq, bu tip titulların ümumiyyətlə yığışdırılmasını istəyib:
MÖVZU İLƏ BAĞLI:
Rusiyaya axışan müğənnilərə Əli Mirəliyevdən SƏRT TƏPKİ: “Min oyundan çıxırlar”
“Dünyanın heç bir ölkəsində fəxri ad yoxdur. Titul və imtiyazlar Sovet dövründə daha çox dəb idi. Qardaş Türkiyədə xalqın sənətçisi Zəki Mürenə nə ad veriblər? Azərbaycanda isə Aygün Kazımova xalq artistidir. Habil Əliyev də Aygün Kazımova da xalq artisti? Bunu necə başa düşək? İndi xalq artisti olanlar oxumağı da bacarmır, ifa yolunu düzgün bilmirlər. Sevda Ələkbərzadə sən necə əməkdar artist ala bilərsən?
Üzeyir Hacıbəyovun “Sənsiz” romansının ritmini dəyişib, guya müasir ritmdə oxumusan. Sən kimsən ay qız? Vəziyyət belə olanda, bu cür də əməkdar artistlər olacaq. Mədəniyyətimizin başında duranlar erməni mahnıları, “rok”, “pop” musiqiləri və gecə klublarında oxuyanlara xalq artisti verirlərsə, vay o millətin halına...”
Əli Mirəliyevin sözlərinə görə illərdir fəxri adların yığışdırılmasını gözləyir:
“Bütün adlar alınmalı və bu məsələdə bazar bağlanmalıdır. Azərbaycan dilində ifa etməyi bacarmayan ölkəsinin xalq və ya əməkdar artisti ola bilməz. Sənətçiyə adı xalq verməlidir. Bakı kiçik şəhərdir və hər kəs yaxşı bilir ki, o adı alanlar hansı alçaqlıqlara gediblər. Onlar gərək özləri bu adlardan imtina etsinlər”, - deyə Əli Mirəliyev əlavə edib.
Alçina Amilqızı, Bizim.Media