Ulduz futbolçu Lionel Messinin Bakıda imzaladığı papaq satışa çıxarılıb.
Bizim.Media milli.az-a istinadən xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat yerləşdirilib.
Qeyd olunub ki, "Barselona" klubunun emblemi olan papağa dekabrın 11-də Messi öz imzasını çəkib. Satışa qoyulan papaq 10 min manata təklif olunur.
Xatırladaq ki, Argentina millisinin ulduz futbolçusu Lionel Messi və onun ABŞ-ın "İnter Mayami" klubundakı komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba dekabrın 11-də Bakı Kristal Zalında fanatları ilə görüşüblər.
Dünya çempionu, 8 dəfə “Qızıl top” mükafatına layiq görülən Lionel Messinin futbol karyerasını əks etdirən filmin nümayişindən sonra isə Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba səhnəyə çıxıblar.
Futbol ulduzları gənc həmkarları və sağlamlıq imkanları məhdud uşaqlarla xatirə şəkli çəkdirib.
Ulduz futbolçular imzalı topları auditoriyaya atıblar. Futbol həvəskarları üçün bu idman bayramı məşhur “Morandi” qrupunun çıxışı ilə davam edib.
Bizim.Media