“Mən böyüdüb, boya-başa çatdırdığım qızımdan, daha doğrusu bacım qızından rəsmi şəkildə imtina etmişəm. O, artıq mənim qızım deyil. Bitdi... 35 il saxladım, böyütdüm, maddi və mənəvi yanında oldum. Halal xoşu olsun. Bundan sonra mənim üçün o adda insan yoxdur. Ola da bilməz! Bundan sonra mən öz həyatımı və anam üçün yaşamaq istəyirəm. Artıq mən məsuliyyət daşımıram. Özüm üçün heç nə etmədən, bir qarnım ac, bir qarnım tox, dostlardan kömək istəyib illərlə bir insanı saxlayasan, sonra da o böyüyüb bir gün desin ki, sən nənə yox, “nənəliksən” (ağlayır). Bu sözləri kim qəbul edər? Bitdi! Bu da son”.
Bizim.Media “olay.az”a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova eskpert qismində iştirak etdiyi “Bizimləsən” verilişində deyib.
Aktrisa uşaqlıqdan yanında saxladığı bacısı qızı ilə aralarında yaşanan qalmaqaldan söz açıb. Xanlarova mübahisənin səbəbini üstüörtülü şəkildə belə nəql edib:
“Mən bu sözləri elə-belə demirəm. Nələrsə bilirəm ki, deyirəm. Sabah bir söz olanda, alnım açıq olsun ki, biri var idi orada, mən də ondan imtina etmişdim. İstəmirəm də... Allah xoşbəxt eləsin. 19 yaşından gedib artıq məsuliyyəti o ailə daşıyır.
Bundan sonra mənim məsuliyyətimdə elə bir insan yoxdur. Jurnalistlərdən də xahiş edirəm, Mehriban Xanlarovanın qızı yox, bacısı qızı yazsınlar. İmkanım olsa, anamı götürüb, çıxıb gedərəm, çünki artıq heç kimi görmək istəmirəm. Mən ömrümü və həyatımı ona vermişəm. Bir otağım yox, 50 dənə otağım olardı.
Onları da kirayə verib, ayağımı ayağımın üstünə qoyub keyf edərdim və yaxud da özümdən böyüklərin yanına gedib, onlara “mənə kömək və dəstək olun” deməzdim. Mən ölsəm, ölümümün üstünə gəlmə! Bu mənim son sözüm oldu. Görürsünüz, onun adını belə ağzıma almıram.
O insan mənim üçün artıq yoxdur. Mən sadəcə bacımın vəsiyyətini yerinə yetirərək 35 il ona baxdım.
Onun yaşı 40-a çatmamış artıq hər şey bitdi. Mən bilirəm və Allah bilir nələrin baş verdiyini. O istəsə bu gün də gəlib uşaqları apara bilər. Mən uşaqları zəncirləməmişəm. Amma bilirəm ki, uşaqlar onların yanına getsə, təhsilsiz, savadsız bir küncdə qalacaqlar. Qızları evdə işlədəcəklər, oğlan da ki... Bilmirəm, bəlkə də onlar getməzlər. Bəlkə uşaqlar mənim yanımda qalmaq istəyəcəklər.
Bunu da bilmirəm. İstəsə getsin götürsün uşaqlarını. O dörd uşağı mən dişimlə böyütmüşəm. Yenə də təkrarlayıram, mən bacım qızından imtina edirəm və məsuliyyət daşımıram. O, nə etdiyini özü yaxşı bilir. Mən “nənəliksən” sözünə ayıldım. Məni sanki elə bil ki, sillələdilər. Mən sillə ilə ayıldım ki, sən demə mən “nənəlik” imişəm. Bu sözü həyatımda birinci dəfə idi ki, eşidirdim”.
Bizim.Media