Azərbaycanda fəaliyyət göstərən həkimlərlə bağlı paylaşımları ilə gündəmdən düşməyən, ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova bu dəfə müğənni Xatirə İslamın həkim bacısı Günel Əzizova ilə bağlı paylaşım edib.
Bizim.Media “axşam.az”a istinadən xəbər verir ki, jurnalist onun tibb təhsilinin olmadığını iddia edib:
"Azərbaycanda tibb sahəsində necə “yaradıcı” yollarla həkim titulunun paylandığı və şou-biznesin bu prosesdəki “qeyri-rəsmi rolu” haqqında danışmaq istəyirəm.
Burada həm ciddi bir məsələni qabardacağam, həm də bir az sarkazmla məsələyə işıq tutacağam. Başlayaq özünü “həkim” kimi təqdim edən Günel Əzizovadan. Xatırladım ki, Günel xanım sosial şəbəkələrdə pasiyentlərini qəbul edərkən onların video görüntülərini yayımlayır, üstəlik, müayinə zamanı deontologiya elminə əməl etməyərək onları sözlə əzirdi…
Bir az araşdırmadan sonra məlum oldu ki, Günel xanımın tibb təhsili yoxdur. Amma bu, onun əməliyyatlar aparmasına, ginekoloji prosedurlar həyata keçirməsinə mane olmayıb. Əksinə, o, özünə o qədər güvənir ki, hətta bəzən əməliyyatlara başçılıq edib. Amma heç bir sənəddə adı keçmir. Belə görünür ki, Azərbaycanın bəzi özəl klinikaları üçün əsas məsələ tibbi təhsil yox, “yaradıcılıq” bacarığıdır.
Ən maraqlı məqam isə Günel Əzizovanın məşhur bacısıdır – Azərbaycanın şou-biznes ulduzu Xatirə İslam. Xatirə xanımın təsiri ilə Günel Əzizova bir zamanlar tibb müəssisələrində Mirezim Zaidov adlı həkimin köməkçisi kimi işə başlayıb".
G.Ataşova bildirib ki, G.Əzizova əvvəl bir müddət yeni doğulmuş uşaqların olduğu ginekoloji şöbədə işləyib. Jurnalist onun daha sonra tək fəaliyyət göstərdiyini yazıb. O, əvvəllər kosmetoloq işləyən G.Əzizovanın daha sonra həkim-ginekoloq kimi fəaliyyət göstərdiyini bildirib.
"Maraqlıdır ki, bu məsələlərdə bəzi klinikaların rəhbərliyi heç bir tədbir görmür. Görünür, “TikTok” və digər sosial media platformaları artıq tibbi peşəkarlıqdan daha üstün tutulur. Əgər həkimlərimiz bu cür səviyyələrə düşəcəksə, gələcəyimizə necə ümidlə baxa bilərik? Sonda deyim ki, məqsədim kimisə incitmək yox, cəmiyyətimizi maarifləndirməkdir. Həkimlərimizdən isə bir ricam var:
“TikTok” səviyyəsinə düşməyin. Çünki bu səviyyə nə sizə yaraşır, nə də Azərbaycan səhiyyəsinə" deyə, G.Ataşova əlavə edib.
Bizim.Media